Siyasi məhbus siyahısında inanclılar - Səbəblər və faktlar (4-cü hissə)
Ölkədə “inanclıların inqilabı”, “İslam dövləti”nin qurulması bu günə qədər müşahidə edilməyən hadisələr sırasındadır. İnanclıların siyasi mübahisələrdə tərəf olaraq iştirakı da siyasi arena üçün tanış səslənməyən fikirlərdəndir. Bunun başlıca səbəbi isə siyasi hadisələrin fəal iştirakında inanclıların rəhbərlik baxımından təmsil olunmaması, onların siyasi hadisələrdə fəaliyyətlərinin diqqətə alınmaması ilə əlaqədardır. Demək siyasi addım olaraq inanclıların rəqib və ya rejimin təhlükə səbəbi olaraq hansısa siyasi platformaya malik olmaması onların həbs səbəbinin məhz bu istiqamət ətrafında ümidləri doğrultmaması deməkdir.
Hakimiyyətin məhz özünə balanslı siyasi güc, hakimiyyətə iddialı tərəf olaraq inanclıların bu maraqdan uzaq olması birmənalı həbslərin qeyd edilən nöqtədən çox-çox uzaq olduğunu göstərir. Ancaq siyasi məhbus siyahısı və durmadan artan inanclıların həbsi hansısa təhlükənin hakimiyyəti narahat etdiyini göstərir. Əgər məsələ hakimiyyətin sivil, siyasi seçki yolu ilə əldə etməsindən gemirsə digər iddia olunan faktlar da incələnməlidir.
Ara-sıra hamikiyyət dini təşkilatlarda həbslər həyata keçirən zaman iddia etdiyi səbəblərdən biri hakimiyyətin zorla ələ keçirilməsi olub. Bu məhkəmə işlərində də əks olunan ittiham faktları olaraq göstərilib.
İlk öncə rejimin həbs zamanı söylədiyi “çevriliş, hakimiyyəti zorla ələ keçirmək” iddiası şərləmə üçün ağır və müvafiq maddənin icra predmetidir. Bundan əlavə hakim rejim siyasi həbsləri, xüsusi olaraq reputasiyası təmiz olan şəxslərin həbsini həyata keçirmək istəyəndə iyrənc şərləmə metodundan istifadə etməyə çalışır ki, bununla da hədəfində olan şəxsi müdafiəsiz qoysun. Bu faktlar o qədər çoxdur ki, buna aksiom deyib sübut axtarmağa belə dəyməz.
Belə addımların arxasında hakimiyyətin əlində olan maşa media hadisəni kənara qoyub ittihamda qeyd olunan iddianı o qədər şişirir ki, yalançının səsini düzdən qat-qat möhkəm və “düz” görünməsini təmin edə bilir.
Birmənalıdır ki, inanclılar hakimiyyəti nə dinc, nə də zor yolu ilə əldə etmək istəyinə malik olmamasını uzun sürən siyasi hadisələrdə aydın nümayiş etdiriblər. Bunun başlıca səbəbi təkcə Azərbaycanda dini kadrların aşağı səviyyəsində olması deyil. Eyni halda Azərbaycan xalqının hələ ki, dini dövlət istəyinə malik olmaması və siyasi nöqtədə böyük güclərin Azərbaycan kimi kiçik dövlətin İslam dövlətinə çevrilməsinə rahat izin verməməsi kimi çoxsaylı səbəbləri misal göstərmək olar.
Misirin bundan öncə xalqın böyük səs çoxluğu ilə seçib hakimiyyətə gətirdiyi Müəslman Qardaşlarının hakimiyyət tarixi buna bariz nümunədir. Qərb qısa zamanda onları devirib yerinə indiki İslami dəyərləri deyil, Qərb liberalizmini dəstəkləyən qüvvələri hakimiyyətə gətirdi.
Burada İran faktoru da hakimiyyətin tez tez gündəmə gətirdiyi iddialardandır. Azərbaycanla İran arasında din və dini düşüncə barəsində olan fərqliliklər bu xalqların eyni aqibət yaşamaq kimi geniləşdirmə aparmaq düşüncəsini sadəcə absurd adlandırmaq olar. İran neçə yüz illikləri dini mütəfəkkirlərin zənciri və geniş tribunası olan ölkədir. Son yüz ildə İranda yetişən Ayətullahların sayı yüz minlər üzərindədir. Bunlar o qədər nəhəng şəxslərdir ki, onları İran İslam İnqilabına qədər İranda yetişdirdikləri tələbələrin sayı az qala Azərbaycanın bütün əhali sayına bərabərdir. Bizim onlara baxıb, təsirlənib İslam dövləti qurmaq düşüncəmiz hakimiyyətin də real qəbul etmədiyi və yaxın zaman üçün qəti real görünməyən bir məsələdir.
Bəs onda həbsləri bu qədər intensiv edən nədir? Hakimiyyət niyə inanclıları Azərbaycan həbsxanalarında yerləşən bütün məhbuslarının 10 faizinə çevirməyə çalışır?
Siyasi məhbus siyahısında inanclılar - Səbəblər və faktlar (4-cü hissə)