Etirazçılar Ermənistan-Gürcüstan sərhədini bağlı saxlayır

Yük maşını sürücülərinin Baqrataşen, Qoqavan və Bavradakı Ermənistan-Gürcüstan keçid məntəqələrində etiraz aksiyası davam edir. 

Bu barədə erməni KİV məlumat yayıb. 

Onlar hər iki istiqamətdə yolları bağlayıb, yalnız yük maşınlarının hərəkətini məhdudlaşdırıblar. 

Etirazçılar qeyd edib ki, problemi həll olunana qədər dünəndən başlayan aksiyanı davam etdirəcəklər. 

Xatırladaq ki, artıq bir neçə gündür ki, yük maşınlarının sürücüləri Rusiyada qəbul edilmiş yeni reqlamentə etiraz edirlər. Buna əsasən, Rusiya Federasiyasına vizasız girişi olan ölkələrin vətəndaşlarının Rusiyada əvvəlki kimi 180 gün yox, 90 gün qalmaq hüququ verilir. Sürücülər Ermənistan hakimiyyətindən Rusiya tərəfi ilə danışıqlar aparmağı və bu reqlamentin ləğvinə nail olmağı tələb edirlər. Sürücülər qeyd edirlər ki, bundan daha çox yük və sərnişindaşıma ilə məşğul olanlar əziyyət çəkəcək.