Ruhani olmaq dünyanı qazanmaq vasitəsi deyil – Ayətullah Sistani

İslam dinində ruhaniyyət, sadəcə bir elm yolu deyil - o, mənəvi məsuliyyət, ilahi xidmət və cəmiyyətə örnək olma yoludur. Ruhani libasına bürünmək, insanın özünü Allah yolunda tərbiyə etməsi və başqalarına da bu yolda rəhbərlik etməsi deməkdir. Lakin zaman-zaman bu müqəddəs yolun məqsədi təhrif edilə bilər: bəziləri ruhaniyyətə dünya üçün vasitə kimi baxır. Lakin ruhani olmaq dünyanı qazanmaq vasitəsi deyil.

Bu mövzuda böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Təqdim edirik:

Sual: Bəziləri Ayətullah Sistaniyə belə bir fikir aid ediblər ki, o, bu dövrdə istedadlı gənclərin dini hövzələrə daxil olmasından daha çox universitet təhsilini davam etdirmələrini üstün tutur. Bu səbəbdən bəzi ailələr övladlarının hövzəyə daxil olmasına mane olurlar. Bu iddia doğrudurmu?

Cavab: Bu doğru deyil. Ayətullah Sistani bu mövzuda ümumi tövsiyə verməmişdir. Lakin adətən tövsiyə edir ki, hövzə təhsilini o şəxslər seçsinlər ki, elmi cəhətdən yüksək məqamlara çatmaq üçün hazırlıq və istedada malikdirlər. Həmçinin nəfsin tərbiyəsi və Əhli-Beytin (ə) təlimlərinə bağlılıq sayəsində söz və əməldə müsəlmanların doğru əqidələrə bağlılığını və şəriətə əməl etmələrini möhkəmləndirən faydalı bir şəxsiyyət ola bilsinlər və heç vaxt ruhaniyyətə mənsub olmağı dünyanı qazanmaq vasitəsi etməsinlər.”