Avropa İttifaqı (Aİ) ölkələrinin enerji nazirləri oktyabrın 20-də Rusiyadan qaz idxalını 2028-ci ilin yanvarınadək mərhələli şəkildə dayandırmaq təklifini dəstəkləyiblər.
Nazirlər Lüksemburqda keçirilən iclasda 2026-cı ilin yanvarından etibarən Rusiya qazı idxalına dair yeni müqavilələrin, həmin ilin iyunundan mövcud qısamüddətli müqavilələrin və 2028-ci ilin yanvarından uzunmüddətli müqavilələrin dayandırılmasını nəzərdə tutan planı təsdiqləyiblər.
Buna baxmayaraq, planın qüvvəyə minməsi üçün Aİ ölkələri onu Avropa Parlamenti ilə də razılaşdırmalıdırlar.
Aİ uzun müddətdir Rusiyanı Ukraynadakı müharibəsini maliyyələşdirən gəlir mənbələrindən məhrum etmək məqsədilə Rusiyadan enerji idxalını dayandırmaq istəyir.
Hazırda Rusiya Aİ-nin qaz idxalının 12 faizini təşkil edir. Rusiyanın 2022-ci ildə Ukraynanı işğalına qədər isə bu göstərici 45 faiz təşkil edib. Hələ də Rusiya qazı alan ölkələr arasında Macarıstan, Fransa və Belçika var.
Avropa Komissiyası təklifləri elə hazırlayıb ki, hələ də Rusiya nefti idxal edən iki ölkə — Macarıstan və Slovakiyanın əvvəlki etirazlarına baxmayaraq, plan təsdiqlənə bilsin.
Bu planın təsdiq edilməsi üçün Aİ üzv ölkələrinin ən az 55 faizdən ibarət çoxluğunun dəstəyi tələb olunurdu. Bu o deməkdir ki, bir və ya iki ölkə təkbaşına planı bloklaya bilməzdi.
Oktyabrın 20-də təsdiqlənmiş plan Macarıstan və Slovakiya kimi dənizə çıxışı olmayan üzv ölkələr üçün xüsusi güzəştləri nəzərdə tutur.
Slovakiya Rusiyaya qarşı son sanksiyalar paketinin qəbulunu yubatmışdı.
Bundan əlavə, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində danışıqlar aparır. Bu paket mayeləşdirilmiş təbii qazın (LNG) idxalını planlaşdırılandan bir il əvvəl — 2027-ci ilin yanvarından qadağan etməyi nəzərdə tutur.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas oktyabrın 20-də bildirib ki, yeni sanksiyalar paketi bu həftə ərzində təsdiqlənə bilər.
Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını tədricən dayandırmağa razılaşıb