Kənan Basqal cəbhəçi olduğu üçün böhtanın, şərin qisasçılığın hədəfinə çevrilib

Dünən Ağır Cinayətlər Məhkəməsində cəbhəçi Kənan Basqal Zeynalova açılan məhkəməyə (oxu məzhəkəyə) getmişdik. Guya Kənan bəy adam bıcaqlayıb. Amma ortada nə bıçaq var, nə adam. Hər şey ssenaridə var. Kənan bəyi şərləmək üçün öncədən ssenari hazırlayıblar və sonrada bu ssenari üzrə "əməliyyat" qurublar.
Kənan Basqal kimdir? 1966-cı il doğumlu olan Kənan bəy birinci Qarabağ müharibəsinin qazisidir. Vətən uğrunda döyüşlərdə aldığı yaradan bu gün də fiziki sağlamlığında problemlər qalmaqdadır. O, doğru-dürüst, vicdanlı, vətənsevər, humansit, haqqı tapınan imanlı bir adamdır.
Onu nə üçün şərləyiblər? Birincisi Xalq Cəbhəsinin fəal üzvlərindəndir. İkincisi, ictimai əsaslarla Cəbhənin sədri Əli Kərimli bəyin mühafizəsində iştirak edirdi. O, son bir neçə ildə Əli bəyin həbs edilən köməkçi, mühafizəçi və sürücülərindən biridir. Kənan bəy daxil total şəkildə onalrın demək olar ki, hamısı saxta ittihamlarla tutulublar. Sonunci Kənan Basqalla Novruz Tağıyev şərlənərək həbsə alınıblar.
Təxminən iki həftə əvvəl Avropa İnsan Haqları Məhkəməsi Kənan bəyin əvvəlki inzibatı həbsinin qanunsuz olması barədə qərar qəbul edib, Azərbaycan hakimiyyətini bu qanunsuzluğa görə cərimələyib. Hökumət öz günahını etiraf etsədə də, kompensasiyanı ödəməmiş Kənan Zeynalova qarşı ikinci qanunsuzluğa əl atıb, onu şərləyib və adam bıçaqlamaqda ittiham edib.
7 aydır həbs ediblər Kənan Basqalı. Bu 7 ay ərzində onu evi, ailəsi, dostları ilə görüşdən, hətta bütün dustaqlara aid olan telefon əlaqələrindən məhrum ediblər. Bu 7 ay ərzində Kənan Basqal təcrid vəziyyətində saxlanılıb. Hətta, dünən məhkəməyə də 7 ay əvvəl həbs olunduğu paltarda gətirilmişdi.
Tamamilə qurama ittihamdır, düzüb qoşublar. Tofiq Yaqublunun işi kimi bir şeydir. Yeri gəlmişkən Kənan Basqal Tofiq bəyin işində şahid kimi ifadə verib və Tofiq bəyə qarşı irəli sürülən ittihamın uydurma olduğunu ifşa etmişdi. O, həmin günlərdə Tofiq Yaqublunu müşayiət etmişdi və istintaqın ssenarisini pozmuşdu. İndi o, özü belə bir uydurmaya, şərə, böhtana məruz qalıb.
Kənan Basqal heç bir cinayət törətməyib. Əksinə ona qarşı cinayət törədilib. Günahsız, heç bir cinayət əməli törətməyən dürüst bir adam cəbhəçi olduğu üçün böhtanın, şərin qisasçılığın hədəfinə çevrilib.
Bizim ölkədə polis, prokurorluq və məhkəmə orqanları faktiki olaraq konstitusyon nəzarətdən çıxıblar. Onlar mütəşəkkil qaydada əlbir olub heç bir cinayət əməli törətməyən dürüst insanları saxta ittihamlar əsasında həbs edirlər. Kənan Basqal da belə adamlardan biridir.
 
 
Cəmil Həsənli
Milli Şuranın sədri.