Tale Bağırzadə: “Hakim rejimin yaratdığı məkirli və fitnə dolu ortama aldanmayaq”

Mərhəmətli və Mehriban Allahın adı ilə.
 
Öncəliklə kiçik həbsxanaya məhkum edilmiş mübariz qardaşlarımın hər birinə hicablı xanımların qanunsuz son həbslərinə biganə qalmadan haqq səslərini ucaltdıqlarına görə öz xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. Eyni halda böyük həbsxanada yaşayan müsəlman bacı və qardaşlarımızdan xahiş və istəyimiz də budur ki, susqunluğa son qoyub bu qanunsuz həbslərə ciddi şəkildə öz etirazlarını bildirsinlər.
Hakim rejimin yaratdığı məkirli və fitnə dolu ortama aldanmasınlar. Əgər bu gün hicablı xanımlara qarşı başladılan bu həbslərin qarşısı bəsirətlə alınmazsa, mütləq gələcəkdə kütləvi şəkildə hicablı xanımları narkotik kimi digər ittihamlarla şərləyərək həbs edəcəklər.
Unutmayaq ki, o dövrdə də Yezid hakimiyyəti cəmiyyətdə yanlış ictimai rəy formalaşdıraraq rahatlıqla müsəlmanların gözləri önündə Peyğəmbər (s) ailəsinin xanımları və qızlarına böhtanlar atdı və xanım Zeynəbi (s.ə.) əsir edərək dünyanı onlara zindan etdi.
Məlum hadisə ilə bizim hər birimiz özünəməxsus şəkildə imtahan edilməkdəyik. Odur ki, qorxmadan, çəkinmədən bəsirətli olaq. Quranda Ali-İmran surəsinin 173-cü ayəsini diqqətli oxuyaq, bu barədə ciddi düşünək və ona əməl edək ki, hər zaman izzətli olaq.
Əziz müsəlman bacı və qardaşlarım. Məyər bu xanımlar hansı günahın sahibidirlər ki, onları həbsə salıblar? Görmürsünüz ki, hakim rejim utanmadan hicablı xanımları xuliqanlıqda ittiham edir? Məyər İmam Hüseyn (ə) məclisi təşkil etmək və ehsan vermək xuliqanlıqdır?
Əslində ən böyük xuliqan bu hakimiyyətin özüdür. Sonunda hakim rejimdən hicablı xanımları qeyd-şərtsiz sərbəst buraxmağı, xüsusilə də onkoloji xəstəlikdən əziyyət çəkən Xoşqədəm xanımı təcili surətdə, dərhal azad etmələrini qətiyyətlə tələb edirik.
Biz yalnız Allaha təvəkkül etdik və yardım edənlərin ən yaxşısı da Odur.”
 
 
Tale Bağırzadə
Ciddi qapalı rejimli Umbakı həbsxanası.