Hicrət edən müsəlmanlar bunu mütləq oxusunlar!

İslam fiqhində bəzi terminlər var ki, zahirdə sadə görünsə də, dərin mənəvi və hüquqi məna daşıyır. Onlardan biri də “təərrüb bə’dəl-hicrə” ifadəsidir. Bu termin, bir müsəlmanın hicrətdən sonra dini həyatında geriləməyə səbəb olan bir mühitə köçməsini və ya orada qalmasını təsvir edir.

Təərrüb nə deməkdir?

“Təərrüb” ərəbcə “ərəb həyat tərzinə dönmək”, “bədəviləşmək” mənasını verir. Lakin fiqhi kontekstdə bu söz daha spesifik bir məna daşıyır: hicrətdən sonra dində zəifləmək, yəni insanın dini vəzifələrini yerinə yetirməsinə mane olan bir mühitə köçməsi və ya orada yaşaması.

Fəqihlərin baxışı: Sistani və digərləri

Ayətullah Sistani və digər şiə fəqihləri bu anlayışı belə izah edirlər:

“Dində naqisliyə səbəb olan bir ölkədə yaşamaq və ya ora köçmək haramdır.”

Bu o deməkdir ki, əgər bir müsəlman dini biliklərini öyrənə bildiyi, vacib əməlləri icra edə bildiyi, haramlardan uzaq qala bildiyi bir mühitdən — bu imkanların olmadığı bir yerə köçürsə, bu əməl haramdır və böyük günah sayılır.

Dində naqislik nədir?

Fəqihlər “dində naqislik” anlayışını aşağıdakı hallarla izah edirlər:

Haram əməllərə düşmək: Şərab içmək, zina etmək, murdar yemək, nəcis bir şeyi içmək və s.

Vacib əməlləri tərk etmək: Namaz qılmamaq, oruc tutmamaq, zəkat verməmək, Həccə getməmək və s.

Əgər bir şəxs elə bir ölkədə yaşayır ki, bu dini hökmləri yerinə yetirmək qadağandır və ya çox çətindir, və o şəxs buna baxmayaraq orada qalırsa, bu “təərrüb” sayılır.

Ayətullah Sistani bu məsələyə belə yanaşır: “Əgər bir müsəlman elə bir yerə köçür ki, orada namaz, oruc, hicab, haramdan çəkinmək kimi dini vəzifələri yerinə yetirmək mümkün olmur, bu, təərrüb bə’dəl-hicrə sayılır və böyük günahdır.”

Lakin əgər insan həmin mühitdə dinini qoruyub, vacib əməlləri icra edə bilirsə, bu hökm ona şamil edilmir.

Qeyd edək ki, dinində möhkəm olmayan və başqa dini cərəyanların təsirinə düşmə ehtimalı olanlar da hicrətdən öncə diqqət etməlidirlər.