Nümunə 3-cü hissə

İlahi mənbədən qidalanan və fitrəti İlahi hökümlər üzərindən yönləndirən bu şəxslər cəmiyyətin mərkəzdən qaçma kimi problemlərinə əməli cavab sayılırdılar. Onlar nümunəvi həyat hekayəsi ilə nəzəriyyədən praktikaya addımlayan varlıqlar sayılırlar. Kimlərsə Peyğəmbər və İmamları İlahi şəxslər olduqları üçün böyük addımlarında imzalarını yalnız onlar üçün məqbul bildikləri halda, sonrakı dövrlərdə dəyərli insan nümunələri bu fikirləri alt-üst edərək təkcə məsumlar deyil, bütün insanların bacaracağı əməli nümunələr ortaya qoydular.
Zamanla ideoloji məktəblər, müxtəlif elmi, siyasi və sosial düşüncə sahibləri yeni fikirlər sərgiləməklə öz nümunələrindən çıxış etməyə çalışsalar da müəyyən müddətdən sonra bu məktəblərin eybəcərlikləri də onların məhvini qaçılmaz etdi. Bunlar sırasına sosial bərabərlik, milli düşüncə, elmin inqilabı, dinsizlik azadlığı, fikir plüralizmi kimi bir çox maraqlı baxışlar ortaya qoyan cərəyanlar meydana gəlsə də, kökü İlahi qanunlar və fitrətin bağlılığı kimi əsas məntiqə söykənmədiyi üçün zaman ötdükcə tarixin səhifələrində qalaraq yoxa çıxdılar.
Əlbəttə, paralel nümunələrin təsirləri də danılmaz olaraq dəyərləndirilməlidir. Lakin bunlar bir xəstəlik, virus kimi sağalan bədənin müqaviməti, sağlamlığı ilə məhv olacaqları mütləq idi deyə, bu aldadıcı nümunələrin bu günkü törəmələri də, təbii olaraq fərqli nəticəyə gəlib çıxmayacaqları şübhəsizdir.
Nümunələrin zamanla qarşılaşdığı tərəflər üzərində qələbəsi onun mənbə olaraq insan idrakı, mənəvi və əqidəvi əsaslara, eyni halda köklərə bağlı dəyərlərə söykənməsi bu nümunəni hər zamanın fatehinə çevirib. Heç təsadüfi deyil ki, zamanla bu dəyərlərin mücadiləsində məğlub olan qarşı tərəfin, düşmən xislətin ən ciddi zərbəsini nümunələrin şübhə altına alınması, kiçildilmə cəhdi, insanları onun həqiqətindən uzaq salmaq üçün atılan addımları olub.
Yaxın tarix bizə buna daha çox əyani nümunələr göstərsə də, ilk olaraq bir müəmmanı aydınladaraq, nümunələrə qarşı amansız savaşın əsası göstərilməlidir. Mütləq olaraq həqiqət, reallığı çılpaqlığı ilə özündə əks etdirən nümunələrin hədəfə alınması arxasında duran qüvvə yalnız həqiqətə qarşı vuruşan güclər olduğunu göstərir. Onların batil, eybəcər, dağıdıcı xisləti, rəzil siması həqiqət müqabilində ifşa olacağını anladıqları üçün həqiqətin, nümunənin qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib. Unutmaq olmaz ki, bu gün saxtalıq bazarında öz ambisiyalarını həyata keçirənlərə ən böyük zərbəni özündə haqqın simasını göstərən nümunələrin varlığı vurur ki, elə buna görə də batil iblis düşüncəlilər haqqa, həqiqət nümunəsinə qarşı hər zaman savaşdadırlar.
 
3-cü hissənin sonu.
Müəllifin məqalələri: