Kaja Kallas: “Aİ-nin İsrailə qarşı sanksiyaları hələ də masadadır”

Kallas vurğulayıb ki, jurnalistlərin və humanitar işçilərin Qəzza zolağına çıxışı olmalıdır və vətəndaş cəmiyyəti təşkilatlarına məhdudiyyət qoyulmamalıdır.

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas bazar ertəsi günü Avropa İttifaqının Qəzzadakı müharibəyə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyəcəyini, lakin variantın hələ də masada olduğunu bildirib.

ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəsin qüvvəyə minməsindən 10 gün sonra Aİ xarici işlər nazirləri Lüksemburqda toplaşaraq Qəzzada vəziyyətin “çox kövrək” olaraq qaldığını və İsrailə qarşı təzyiqlərin tamamilə aradan qaldırılmasının tez olacağını bəyan edib.

"Atəşkəs konteksti dəyişdi, bu, hamıya aydındır. Lakin biz yerdə real və davamlı dəyişiklik, o cümlədən Qəzzaya yardımın artırılmasını görmədikcə, sanksiyalar təhlükəsi masada qalacaq" deyib.

Digər şərtlərə jurnalistlərin və humanitar işçilərin Qəzzaya sərbəst girişi və vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı daxildir.

"Biz Qəzzaya göndərilən humanitar yardımın real artımını görməliyik. Biz də istəyirik ki, İsrail hakimiyyəti ələ keçirdikləri Fələstinin vergi gəlirlərini azad etsin. Jurnalistlərin və yardım işçilərinin əraziyə girişinin olması və beynəlxalq QHT-lərin qeydiyyatdan keçməsinə mane olmaması da vacibdir" deyib.

Qəzzada humanitar vəziyyətin pisləşməsinə və İsrailin Qəzzaya yardım daşımalarını blokadasına cavab olaraq Avropa Komissiyasının sədri Ursula fon der Leyen keçən ay üç tədbir təklif edib.

Bunlara Aİ-İsrail assosiasiya sazişinin qismən dayandırılması, vətəndaş cəmiyyətinə və Holokost anım mərkəzi Yad Vaşemə dəstək istisna olmaqla, ikitərəfli yardımın dondurulması və iki ifrat sağçı İsrail nazirinə və İordan çayının qərb sahilindəki zorakı məskunlaşanlara qarşı fərdi sanksiyalar daxildir.

Lakin üzv dövlətlərin bu məsələlərə çox fərqli baxışları olduğu üçün bu təkliflər həyata keçirilməyib.