Dünya Bankı: Suriyanın bərpası 216 milyard dollara başa gələcək

Suriyanın 13 ildən artıq davam edən vətəndaş müharibəsindən sonra yenidən qurulması təxminən 216 milyard ABŞ dollarına başa gələcək.

Bu barədə Dünya Bankının son hesabatında məlumat verilib.

Sənəddə qeyd olunur ki, bu məbləğ Suriyanın 2024-cü ildəki ümumdaxili məhsulundan demək olar ki, 10 dəfə çoxdur. Bankın hesablamalarına görə, bərpa xərcləri 140–345 milyard dollar aralığında dəyişə bilər, lakin “ən real təxmin” 216 milyard dollardır.

Dünya Bankının qiymətləndirməsinə əsasən, infrastrukturun bərpası 82 milyard, yaşayış binalarının təmiri 75 milyard, qeyri-yaşayış obyektlərinin bərpası isə 59 milyard dollar tələb edəcək.

Ən çox investisiya tələb edən bölgələrin isə Hələb vilayəti və Dəməşq ətrafı olacağı bildirilir.

“Qarşıda duran çətinliklər böyükdür, lakin Dünya Bankı Suriya xalqı və beynəlxalq ictimaiyyətlə birlikdə bərpa və yenidənqurma prosesini dəstəkləməyə hazırdır”, – hesabatda Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jan-Kristofer Karetin açıqlamasına istinadən deyilir.

Suriyada vətəndaş müharibəsi 2011-ci ildə sabiq prezident Bəşər Əsədə qarşı kütləvi etirazlardan sonra başlayıb. Bu etirazlara qətliamla cavab verilib və uzun illər davam edən silahlı qarşıdurmaya çevrilib.

Əsəd isə ötən ilin dekabr ayında üsyançıların sürətli hücumu nəticəsində vəzifədən uzaqlaşdırılıb. 

Münaqişə ölkənin böyük hissəsini məhv etməklə elektrik şəbəkəsi də daxil olmaqla vacib infrastrukturu ciddi şəkildə zədələyib.