Nümunə. 4-cü hissə

Azərbaycanın nümunə təqdim edilən simaları tarixi keçmişimizdən günümüzə qədər xalqın böyük sevgi və dəyər verdikləri şəxslər olublar. Elə buna görə də dəyərlərimiz, adət və ənənələr, mənəviyyat və din öz kimliyini qoruyaraq xalqın genefonunda yer alıb. Onun dəyişdirilməsi, örnəklərin maraqlarla uzlaşdırılaraq yenilənməsi dəyərləri arxa sıraya keçirsə də, şübhəsiz onları aradan qaldıra bilmir. Zamanla bu cəhdlər tarixin müxtəlif dönəmlərində özünü göstərsə də, fitrətə uyğun həqiqətin varlığı nəhayətdə bir gün mütləq parlaya bilir ki, nəticədə nümunələr yenidən öz həqiqi yerini tutub.
Sovetlərin tənəzzülündən sonra Azərbaycan cəmiyyətinə təqdim edilən nümunələr zamanın tələbləri ilə yenilənsə də, son olaraq hədəfdən kənar çıxılmadığı yəqindir. Müstəqilliyin ilkin illərində azadlıq carçılarının, müstəqillik mübarizlərinin ruh verən parlaq çıxışları xalqın nümunələr sırasına yeni simaları gətirdi. Əlbəttə, bu nümunənin həqiqi və ya saxta olması üçün zaman tanınmalı və təqdimatın arxasında olan şəxsilərin əsilliyi vaxt çərçivəsində ortaya qoyulacaqdı. O günün qəhrəmanları xalqın nümunələrinin hansı dönəmlərdən necə keçməsi, bu günün gündəmində özünü çox aydın nümayiş etdirə bilib.
Eyni zamanda siyasi sferadan fərqli olaraq qütbləşən cəmiyyətin tələblərinə müvafiq nümunələr elə digər sahələrdə də özünü göstərə bilib. Ziya Bunyadov, Elmar Hüseynov, Çingiz Mustafayev, Osman Mirzəyev və bu sırada bir çox nümunələr qeyd edilə bilər. Haqlı olaraq bu nümunələrdə hal-hazırda boşluq görünən bir sual da əks oluna bilər ki, niyə bu gün həyatda olan deyil, dünyasını dəyişən nümunələr? Məgər kim isə mütləq dünyasını dəyişməlidir ki, onun nümunə olması üzə çıxsın?
Əslində, nümunənin kim və hansı əsaslarla nümunə adlanması bu suala ən bəsit cavabıdır. Yaxın, bu günlərin sıralaması Polad Həşimovu, xalqın generalını bir millət üçün necə dəyərli nümunə olduğunu ortaya qoyub. Məsələnin müəmması təkcə nümunənin sağlıq və ya dünyasını dəyişməsi deyil. İstənilən bir nümunənin ölümsüzlük amili nümunənin sağlam və bir xalqın, cəmiyyətin və sonunda bəşəriyyətin ehtiyac standartlarında onun inkişaf meyarlarına cavab verməsidir ki, bunu üçün nümunənin həyatda olması və ya dünyasını dəyişməsi zəruri deyil. Əlbəttə, göz gördüyü nümunələri daha aydın və daha rahat mənimsəyir deyə canlı nümunələrin təsirinin daha böyük olması şübhəsizdir. Lakin eyni halda nümunəvi şəxsin varlığı həqiqi standartlara cavab verirsə, bunun üçün onun həyatda olmasından çox onun cəmiyyətə tanıdılması əhəmiyyət daşıyır.
Müasir texniki imkanlar, visual və bədii vasitələr nümunələrin tanıdılması, onu ölümə qalib edərək unudulmağa qoymaması olduqca geniş yayılmış haldır. Yayım genişliyi hər bir nümunəni əbədiləşdirmək gücünə malikdir. Burada əsas nümunənin düzgün seçilməsidir. Müasir dünyamızda bir çox eybəcər simaların qəhrəman, nümunəvi yön alması dünyanın bəlaları sırasındadır. Belə yanlış nümunələri sırıyan rejimlər xalqın bir müddət təfəkküründə aldadıcı qəhrəmanların sıranmasına gətirib çıxaran hallar tarixdə əks olunub ki, biz də bir xalq olaraq bu problemdən kənar deyilik.
Məsələnin əsası düzgün nümunənin seçilməsidir. Onun həyatda olub və ya olmaması bu işdə elə də qlobal mahiyyət daşımır. Tarixin Mehdi Hüseyzadələri, Hüseyn Cavidlərini ölümsüzləşdirmək və nümunə olaraq xalqa təqdim etmək bu günün media dünyasında çox da mürəkkəb məsələ deyil. Əsas məsələ düzgün nümunənin seçilməsidir ki, növbəti yüz illikdə onun heykəlini sökmək, kitab və prospektlərdən adını götürmək, tarixin qara səhifələrində nifrətlə xatırlanmaq acısını yaşamayaq.
 
 
4-cü hissənin sonu.
Müəllifin məqalələri: