Hədəf İslamdır. 1-ci hissə Fikirdən dərkə ilk addım

İllərdir baş qaldıran tendensiyanın son dövrlər geniş və sərt istiqamət alması qaranlıq məqamlara aydınlıq gətirilməsinə ehtiyac duydu. Hər kəsin müzakirə obyektinə aldığı mövzu həmişə gerilik əlaməti olaraq göstərildiyi halda belə uzun təhlil, daha doğrusu təhqid və təhdid hədəfinə gəlməsi obyektin varlığında dəyişiklik deyil, onun qarşısında duranların acizlik və razələt qorxusundan doğan çığırtıları ilə bağlıdır. Elə buna görə də siyasi və sosial oyunlardan deyil, ruhun ehtiyacından doğub milliləşmiş, sabit kimliyə çevrilmiş dəyər, ona ünvanlı iddialara cavab verərək həqiqət güzgüsündə reallıqlara şam yandırdı.
Haqqında söhbət açılan və günümüzdə ən çox müzakirə olunan İslam! Din olaraq İslamın Azərbaycan kimliyində yerini, tarixini əsaslandırmaq çətin olar. Yəqin ki, bu nə milliyyət, nə siyasi status, nə də hansısa dövləti dəyərlərdən üstün tarixi əhatə etməsi heç kəsdə etiraza səbəb olmaz. Bəzi yazılı tarixlər bu barədə İmam Əlinin (ə) hədisləri, bəziləri İmam Həsənin (ə) göndərdiyi nümayəndənin məhz bu ərazidə inanclıların olmasını təsdiq edən sübutlardır. Tarixi hadisələr, xüsusi olaraq Şah İsmayıl Səfəvi dövründə indiki ərazilərin hansı dinə mənsubluğunu göstərən faktlar sırasındadır.
Sonrakı dövrlərdə Füzulinin “Həqiqətus-Süəda”sından başlamış yazılı ədəbiyyat da inancın bu xalqın həyatında rolunu dolğun göstərə bilib. Zaman ötdükcə din təsir göstərdiyi həyat tərzinə müvafiqləşərək milli kimlik sərhədlərinə gəlib. Təsadüfi deyildir ki, bu günün bütün əyləncəni matəmə qərq edən iki aylıq Məhərrəm-Aşura tədbirləri, bir ay boyunca mənəvi sükunət yaradan Ramazan nuru bu xalqın varlığında oturaq hal almış İslami kimliyin təzahürüdür. Böyük güc sərf olunaraq dağıdılmasına start verilən (bu mövzu ayrıca geniş araşdırılmağa ehtiyac duyulan mövzudur) ailə institutunun möhkəm tellər üzərində qurulması, inkişafı da İslamın ailə modelini bəşəri tətbiqatla əlaqəli uğurlu nəticələri olaraq Azərbaycan ailəsini formalaşdırıb.
Dövlət olaraq Azərbaycanın ilk addımlarını da Qafqaz İslam ordusu qoruduğu kimi, İslam Şəriət Şurası parlamentin əsas orqanı olaraq qanunların qəbul olunmasında xüsusi rola malik oldu. Bayrağında İslam rəmzi, baş örtüyü, dini təhsilin özü də ilk müstəqil dövlətin bütün demokratiyaya əsaslandırmasına baxmayaraq xalqın kimliyinə hörmət olaraq İslamı diqqətə almasına nümunələrdən idi.
Sovetlər dönəminin sərt dinsizlik, sosiallaşmanın mərkəzdə saxlamasına baxmayaraq dinin mövcudluğuna ehtiyac sonradan onun da razılaşdığı həqiqətlərdən sayılır. Əlbəttə, bu, ölkədə geniş təmizləmə, həbs və sürgünlərdən sonra ateizm təbliğatı önündə zəifləmiş, təsirsiz bir İslam olaraq müəyyən imkanlarla cəmiyyətə bir çox illərdən sonra qayıtdığı dönüş kimi görünə bilər. Lakin reallıq bu idi ki, sovetlər belə milli və dini kimliyin xalqın varlığını bir nüvə olaraq tutma həqiqəti ilə barışmış, qismən də olsa İslamın bərpasına imkan yaratmağa məcbur olmuşdu.
Müstəqilliyin bərpası bu günün İslam həqiqətində Azərbaycan varlığının sükunətə qərq olmuş qəlb fəryadını aşkar edincə sərhədsiz gözəlliyi ilə İslamın xalqın ayrılmaz hissəsi olduğunu nümayiş etdirə bildi. Eyni halda təkcə ayrılmaz hissə deyil, onun xalq olaraq qorunmasında əhəmiyyətli roluna da aydınlıq gətirdi. Bəklə ilk müstəqillik dövrü üçün bunu görmək çətin olarsa da, 44 günlük şərəf savaşının əvvəlindən sonuna hər çalarında dinin əhəmiyyəti sonsuz gözəlikləri ilə özünü göstərə bildi. Allah, şəhid, qazi, ilahi yardım, əqidə və sair və ilaxır. Bu sətirlər o qədər çox və geniş ifadə olunub ki, qərəzsiz yanaşmaq yetərlidir ki, bunlar etiraf olunsun. Ardınca isə Şəhid anası, İmam Hüseyn (ə) ehsan, səbr və sair sətirlərlə davam bu xalqın dinə inamına ən gözəl nümunələrdən sayıla bilər.

 

Ardı var...