Jurnalist Əfqan Sadıqov Tbilisidə saxlanılıb

Jurnalist Əfqan Sadıqov yasamağa məcbur edildiyi Tbilisidə saxlanılıb. Bu barədə məlumatı jurnalistin həyat yoldaşı Sevinc Sadıqova verib. Sosial media üzərindən etdiyi paylaşımda o, hal-hazırda Ə. Sadıqovun harada saxlanılması ilə bağlı hər hansı bir məlumata malik olmadığın bildirib.

"Hüquq müdafiəçisi Tamta Mikeladzedən aldığım məlumata əsasən, həyat yoldaşım, jurnalist Əfqan Sadıqovu Gürcüstan Daxili İşlər Nazirliyi saxlayıb. Əvvəlcə Gürcüstan Polisi onun saxlanılması ilə bağlı hər hansı məlumatlarının olmadığını bildirsə də, sonradan Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun onların nəzarətində olduğunu deyib.

Bu ziddiyyətli məlumatlar və şəffaflığın olmaması ciddi narahatlıq doğurur. Hazırda Əfqan Sadıqovun harada və hansı şəraitdə saxlanıldığı barədə ictimaiyyətə rəsmi məlumat verilmir. Bu vəziyyət qanunsuz azadlıqdan məhrumetmə və insan haqlarının pozulmasıdır.

Beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və diplomatik nümayəndəlikləri bu məsələyə diqqət yetirməyə, Gürcüstan hakimiyyət orqanlarından Əfqan Sadıqovun hüquqlarına hörmətlə yanaşılmasını və dərhal ədalətli, şəffaf məlumatın verilməsini tələb etməyə çağırıram".