“Sputnik Azərbaycan”ın baş redaktoru da ev dustaqlığına buraxılıb

“Sputnik Azərbaycan” informasiya agentliyinin baş redaktoru Yevgeni Belousov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Oktyabrın 24-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Oktyabrın 10-da agentliyin icraçı direktoru İqor Kartavıx da azadlığa çıxıb, 20-də isə Rusiyaya göndərilib.
 
Yevgeni Belousovun da tezliklə vətəninə geri göndəriləcəyi ehtimal edilir.

Kartavıx və Belousov iyunun 30-da Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmış, sonradan Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları irəli sürülmüşdü.

Kartavıx və Belousovun azadlığa buraxılması Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra mümkün olub. 

Görüş zamanı Əliyev və Putin iki ölkə arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümid ifadə ediblər. Putin həmçinin 2024-cü ilin dekabrında baş verən AZAL təyyarə qəzası ilə bağlı başsağlığı verib və istintaqın davam etdiyini deyib. Onun sözlərinə görə, hadisə zamanı Rusiya hava qüvvələrinin açdığı atəşin qəlpələri təsadüfən təyyarəyə dəyib:

“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq,” – deyə Putin vurğulayıb.

Azərbaycan və Rusiya münasibətləri AZAL təyyarə qəzasından sonra gərginləşmişdi. Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü isə vəziyyəti daha da gərginləşdirmişdi. Ardınca Bakıda “Sputnik Azərbaycan” rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılmış, Rusiya vətəndaşlarından bir neçəsi də narkotik alveri və kibercinayətkarlıq ittihamı ilə həbs olunmuşdu.

Bu hadisələrdən sonra Rusiyanın müxtəlif bölgələrində etnik azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının münasibətində gərginlik müşahidə olunur. Paralel olaraq Azərbaycanda yaşayan Rusiya vətəndaşları da güc strukturlarının təzyiqlərindən və miqrasiya orqanlarına çağırılmalardan şikayət edirlər.