Azərbaycanlı QHT rəhbərləri Yerevanda görüş keçirib

Oktyabrın 22-də Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin Yerevana səfəri baş tutub.

Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova yer alıb.

Səfər çərçivəsində onlar Ermənistandan olan həmkarları ilə, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Ermənistandan olan heyətin tərkibində Demokratiyanın İnkişafı Fondunun rəhbəri Naira Sultanyan, Təhlükəsizlik Siyasəti üzrə Araşdırma Mərkəzinin təsisçisi Areq Koçinyan və Yerevan Media Klubunun fəxri prezidenti Boris Navasadryan yer alıb. 

Azərbaycanlı heyət Bakıdan Yerevana birbaşa AZAL təyyarəsi ilə uçub. 

"Modern.az" saytına danışan Rusif Hüseynov görüşün ölkələr arasında ikitərəfli təşəbbüs əsasında baş tutduğuna görə bir ilk olduğunu deyib: 

"İndiyədək hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimləri, jurnalistlər, idmançılar, eləcə də bəzi hallarda deputatların müxtəlif qarşılıqlı səfərləri baş tutsa da, bu dəfə reallaşan səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs və razılaşdırılmış çərçivə əsasında həyata keçirilib. Bu baxımdan səfəri yüksək qiymətləndiririk”.

Fərhad Məmmədov isə "Facebook" səhifəsində görüşlə bağlı təəssüratlarını yazıb və Yerevan küçələrində gəzintidən fotolar paylaşıb. 

O, görüşü "sülh gündəliyi üçün çox vacib" adlandırıb və əlavə edib ki, "öz təşəbbüsü ilə keçirilən görüşlər əlavə məsuliyyət və sülh prosesinə impuls yaradır."

"Görüş yüksək səviyyədə təşkil olunmuşdu, təhlükəsizlik təmin edilmişdi və geniş spektrli məsələlər müzakirə edilmişdi: regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq yaradan mövzulara qədər. Qrupun məqsədləri və mümkün birgə fəaliyyətlər müzakirə edildi. Təbii ki, Yerevanda gəzintiyə çıxmaq, gündəlik olaraq informasiya vasitələrində izlədiyimiz yerləri canlı görmək maraqlı idi. Gəzinti zamanı efirlərdən tanıdığım bir jurnalisti də təsadüfən gördüm…", - o qeyd edib. 

Dilarə Əfəndiyeva isə "Modern.az"a müsahibəsində Ermənistan nümayəndələrinin də Azərbaycana gələcəyini istisna etməyib: “Erməni nümayəndə heyəti nə vaxtsa gələcək. Lakin hələ tarix müəyyən edilməyib. Təbii ki, bu proses qarşılıqlı olmalıdır. Sonuncu görüşümüz olmamalıdır. Bu layihə genişlənməlidir. Prosesə başqa QHT-lər də daxil eiləcək. Vətəndaş cəmiyyət tək biz deyilik ki...”

Ermənistan mətbuatı isə D.Əfəndiyevanın 2022-2023-cü illərdə Xankəndidən Ermənistana gedən yolu bağlayan, Azərbaycan hökumətinin təşkil etdiyi aksiyalarda iştirakına diqqət çəkib. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.