İlahiyyatçı Ruhanilər İdarəsinin Aşura qərarına etiraz səbəbindən vəzifəsindən uzaqlaşdırıldı

İlahiyyatçı Hacı Habil İsgəndərli Ruhanilər İdarəsinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə o, sosial media üzərindən paylaşım edərək bildirib. Ruhaninin vəzifəsindən uzaqlaşdırılmasına səbəb isə Ruhanilər İdarəsinin Aşura günü ilə bağlı təqvim tarixinin doğru olmamasını dilə gətirməsi olub.

Belə ki, ötən gün Hacı Habil Bakıdakı İmam Zaman (ə.f.) adını daşıdığı məsciddə xütbəsi zamanı bildirib ki, “Ruhanilər İdarəsi Aşura gününü iyulun 5-nə elan edib. Lakin bütün müctəhidlər Aşuranın iyulun 6-na təsadüf etdiyini bildiriblər. Buna görə də məscidiminzə Aşura məclisləri hər iki gün qeyd ediləcək. Zatən hər gün Aşura, hər yer Kərbəladır.”

Görünür bu qərar da Hacı Habili hakimiyyətin hədəfinə gətirib.

Şahidlərin söylədiyinə görə bu gün səhər (iyulun 5-də) Sahibəz-Zaman (ə.f.) məscidində əzadarlıq-Aşura mərasimi keçirilən zaman məscidə daxil olan polislər Hacı Habil İsgəndərliyə yaxınlaşaraq onunla qısa danışıqdan sonra ilahiyyatçını özləri ilə polis idarəsinə aparıblar.

Bu hadisədən bir neçə saat sonra isə ilahiyyatçı aşağıdakı məzmunda paylaşım edərək vəzifəsindən uzaqlaşdırıldığını bildirib: “Aşura haqqında etdiyim bu çıxışıma görə məni Sahibəz-Zaman məscidindən imamlıq vəzifəsindən azad etdilər. Əlhəmdulillah hüccət tamam oldu.”

Xatırladaq ki, Hacı Habil İsgəndərli ibtidai dini təhsilini Özbəkistanın Buxara şəhərində, ali dini təhsilini isə Daşkənd İslam Universitetində alıb. Göyçay şəhər Yuxarı məscidində axund müavini və məscidin sədri vəzifəsinə çalışıb.

1993-cü ildə Göyçay şəhər İmam Cəfəri-Sadiq (ə) mədrəsəsini təsis edərək gənclərə dini təhsil vermiş və bu fəaliyyətini 2000-ci ilədək davam etdirmişdir. Həmin vaxtdan bu günədək Bakı şəhərində yaşayaraq o, İslam dininin tədqiqatı sahəsində fəaliyyətini davam etdirmiş və Bakı şəhər Sahib əz-Zaman məscidində imam vəzifəsində çalışmışdı.