Mövcud addımlar təzyiqlərin artacağını söyləməyə əsas verir

Son hadisələr, İmişli olayları bir daha sübut etdi ki, bu ölkənin müqəddəratı rejimin maraqları müstəvisindən formalaşır. Bu isə öz növbəsində hər hansı bir qanunun icra ediləcəyinə ümidi puça çıxarır. Dünənə qədər ehtiyatla həbs və işgəncələri həyata keçirən sistem bu gün heç bir qanun tanımadan istənilən müxalif düşüncəni əzməyə davam edir.

Hər kəsi onu düşüncə pəncərəsindən baxmağa məcbur edənlər, bu baxışa müxalif olanlara qarşı zorakılıq tətbiq etməkdədir. Artıq illərdir geniş həbs dalğası yaşayan fərqli fikir sahiblərinin təzyiqləri artıq sərhəd tanımır. 20 yanvar günü Şəhidlər xiyabanında hakimiyyətin xalqın yaşadığı hüznə ehtiram göstərmədən Xalq Cəbhəsi Partiyası üzvülərinə qarşı kobud davranışı qətiyyətlə söyləməyə əsas verir ki, rejim sinfindən, siyasi və dini inacından asılı olmayaraq, onunla eyni düşüncə paylaşmayan şəxsləri hədəfə alıb və almaqda davam edir.

“Müdafiə Xətti” Hüquq Müdafiə Təşkilatının 2024-cü il üçün yekunlarında əks olunan “AĞIR İL” qənaəti növbəti, 2025-ci ilin daha amansız, daha sərt olma ehtimalını ortaya qoyur. Mövcud addımların sərt polis sistemi tərəfindən müdafiə olunması isə rejim tərəfindən növbəti ciddi təzyiqlərin atılacağını söyləməyə əsas verir.  

Hərəkat olaraq qanunsuzluq, özbaşınalıqları və rejimin marağına xidmət edən hakimiyyətin xautik idarə sistemini tənqid edir və rejimdən Azərbaycanın gələcəyini təhlükə altına alan addımlardan çəkinməyi tələb edirik.

 

 Müsəlman Birliyi Hərəkatı