Moskvada "qanunsuz miqrant" reydlərində 500-dən çox şəxs saxlanılıb

Moskvada hüquq-mühafizə orqanlarının keçirdikləri reydlər nəticəsində 500-dən çox şəxs saxlanılıb.

Moskva Şəhər İstintaq Komitəsinin açıqlamasında deyilir ki, reydlər, əsasən, hostellərdə və ibadət evlərində "qanunsuz miqrasiyanı dayandırmaq üçün" keçirilib. 

Saxlanılan şəxslər miqrasiya qanununu və ya başqa qaydaları pozub-pozmadıqlarını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına aparılıblar. 

Nəticədə, 30-dan çox miqrant ölkəyə giriş-çıxış  qaydalarını pozmaq əsası ilə ölkədən deportasiya edilib. Onlardan biri əvvəlcədən axtarışda olub. 

Komitə miqrantların hansı ölkələrin vətəndaşları olduqlarına aydınlıq gətirməyib.

Ötən ilin martında Moskvanın “Crocus” konsert zalında baş vermiş terror aktından sonra Rusiya xaricilər və əmək miqrantlarına qarşı siyasətini kəskin şəkildə sərtləşdirib. 

Bundan əlavə, hüquq-mühafizə orqanları millətçi “Rus icması” təşkilatının nümayəndələri ilə birlikdə bazarlarda, məscidlərdə, hamamlarda və kafelərdə reydlər keçirirlər.