Aİ və İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı razılığa gəlib

Avropa İttifaqı və İsrail arasında Qəzzadakı humanitar vəziyyətlə bağlı razılaşma əldə olunub.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında bildirib.

“Bu gün biz Qəzzada humanitar yardımın daha da əlçatan edilməsi üçün İsraillə razılığa gəldik. Beləliklə, daha çox keçidlər açılacaq, yardım və ərzaq maşınları Qəzzaya daxil olacaq. Həyati infrastruktur yenidən qurulacaq və yardım paylayan işçilərin təhlükəsizliyi təmin ediləcək. Biz razılaşdığımız hər bir məsələnin icra olunacağı barədə İsrailə güvənirik”, - Kallas paylaşımında qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 58 000-ə yaxınlaşıb.