ÜST rəhbəri Qəzzadakı xəstəxanalara hücumları dayandırmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom bazar ertəsi Qəzza zolağındakı səhiyyə sisteminin "ciddi təhlükə altında" olduğunu bildirib. O, eyni zamanda İsraili xəstəxanalara hücumlarını dayandırmağa çağırıb.

"Qəzzada insanların səhiyyə xidmətinə ehtiyacı var. Humanitar qrupların tibbi yardım göstərmək üçün lazımı şəraitə ehtiyacı var. Atəşkəs!" - deyə, Tedros bəyanatında bildirib.

O, keçən həftə 200-dən çox fələstinli ilə birlikdə İsrail qüvvələri tərəfindən saxlanılan Qəzzanın şimalındakı Kamal Advan xəstəxanasının direktoru Hussam Abu Safiyanın dərhal azad edilməsinə çağırıb.

Həmin vaxt İsrail hərbçiləri militantların xəstəxanadan istifadə etdiyini və Safiyanin şübhəli HƏMAS üzvü kimi dindirildiyini xəbər verib.

Beyt Lahiya bölgəsində yerləşən xəstəxana Qəzzanın şimalında fəaliyyət göstərən sonuncu xəstəxanalardan biri idi.

Tedros Adhanomun bildirdiyinə görə, Kamal Advan xəstəxanasındakı reyddən sonra saxlanan Hussam Abu Safiyanın harada olduğu bilinmir.

ÜST rəhbəri həmçinin bildirib ki, agentliyin tərəfdaşları Qəzzanın şimalındakı İndoneziya Xəstəxanasına tibbi ləvazimat, qida və su çatdırılmasını həyata keçirə bilib.

Qəzzada qarşıdurma 2023-cü ilin oktyabrında HƏMAS silahlılarının İsrailin cənubuna hücum edərək 1200-ə yaxın insanı öldürməsi, 250 nəfəri girov götürməsi ilə başlayıb. Qəzzada hələ də 100-ə yaxın girov saxlanılır, onlardan üçdə birinin öldüyü güman edilir.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks hücumu nəticəsində 45 mindən çox insan həlak olub, 108 000 nəfər isə yaralanıb.

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digərləri HƏMAS-ı terror təşkilatı kimi tanıyır.