İsrail xəbərdar etdi: “Xarici qoşunların Suriyada yerləşdirilməsi ilə bağlı istənilən dəyişiklik, xüsusən də Palmira bölgəsində Türkiyə bazalarının yaradılması qırmızı xəttimizdir"

Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada arzuolunmaz hadisələrin qarşısının alınması mexanizmini müzakirə etmək üçün aprelin 9-da Azərbaycanda bir araya gəliblər.
"Görüş zamanı İsrail açıq şəkildə bildirdi ki, xarici qoşunların Suriyada yerləşdirilməsi ilə bağlı istənilən dəyişiklik, xüsusən də Palmira bölgəsində Türkiyə bazalarının yaradılması qırmızı xətdir", - "Times of Israel" yüksəkvəzifəli İsrail rəsmisindən sitat gətirir.
Rəsmi əlavə edib ki, "İsrailə təhlükə yaradan istənilən addım Suriya prezidenti Əhməd əs-Şaraa hakimiyyətini də təhlükəyə atacaq. İsrail bunu açıq bəyan edib".
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr də Azərbaycanda danışıqlar aparıldığını təsdiqləyiblər. Bildiriblər ki, bu, iki ölkənin regionda potensial toqquşma və ya anlaşılmazlıqları önləmək üçün rabitə kanalı yaratmalarının başlanğıcıdır.
"Bu mexanizmi yaratmaq səyləri davam edəcək", – deyə mənbələrdən biri danışıqların miqyası və ya vaxtı barədə əlavə məlumat vermədən vurğulayıb.