Kitablarımı sahmana salırdım, təsadüfən Etibar Məmmədovun rəngi solmuş “Lefortovo gündəliyi” qarşıma çıxdı.
Yeri gəlmişkən, kitabların sahmana salınması böhran illərinin ritualıdır, orda axmaq zamanı yola vermək istəyi, əlaməti gizlənir, amma indi söhbətin mövzusu bu deyil.
İstədim Məmmədovun kitabçasını da atım getsin, sanki nəsə saxladı məni.
Bir müddət əvvəl Sabir Rüstəmxanlının “Ömür” kitabını kitabxanamdan, mənzilimdən çıxarmışdım. Elə bil nəsə xoşagəlməz bir şeyi həyatımdan qovub çıxarırdım.
Fərdi lüstrasiya aktı, yaxud ona bənzər bir şey yəni.
Nəsə dayandım, “Lefortovo gündəliyi”ni həvəssiz təkrar vərəqlədim.
İllər əvvəl oxuduğun kitaba təzədən nəzər salmaq adətən yeni, keçmişdə yatsan da ağlına da gəlməyən maraqlı müşahidələr ortalığa çıxarır.
Məmmədovun gündəliyi, cari həbsxana söhbətlərini nəql edir.
Burda azadlıq hüququnun kəskin məhdudlaşdırılmasının səbəb olduğu ekzistensial böhrana, mürəkkəb mənəvi-psixioloji daxili mükalimələrə təsadüf eləmək mümkün deyil.
Gündəlikdə diqqətimi, əsasən, başqa şeylər çəkdi. Sovet dövründə məhbuslarla rəftar məsələsi. Ən azı bir siyasi məhbusun nümunəsində.
Keçmiş siyasi lider 30.01.90-cı ildə güman ki, Lefortovo həbsxanasının nəzarətçilərini, istintaqı aparan orqanın əməkdaşlarını nəzərdə tutaraq yazır:
“Rəftarları olduqca mədənidir. Hər bir işdən minnətdarlıq bildirirlər. Müraciət ancaq “siz”lədir”.
Bir anlıq çaşdım.
Gözümün önünə müstəqil Azərbaycanın istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama yerlərində siyasi, qeyri-siyasi məhbuslara gen-bol “əəə...” müraciətləri, işlək və səmərəli ənənəyə çevrilmiş işgəncə, qeyri-insani və ləyaqəti alçaldan saysız-hesabsız rəftar faktları, hadisələri gəldi.
Başqa bir məsələ. Gündəlkdə 26.02.90-cı il tarixli belə bir qeyd var:
“Bu gün həbs olunmağımın düz bir ayı tamam olur. Keçən 31 gün ərzində cəmi 13 dəfə istintaqa çağırılmışam”.
Məmmədov müstəntiqlə bir ayda 13 dəfə görüşməyini, onunla aparılan istintaq hərəkətlərinin az intensivliyi kimi qəbul edir və bunu özünə ədalətsiz yanaşmanın əyani nümunəsi sayır.
“Cəmi 13 dəfə” ifadəsi də məhz elə buna eyham vurur.
Dərhal müstəqil Azərbaycanın istintaq praktikasında həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslərlə aparılan istintaq hərəkətlərinin dövriliyi – intensivliyi, fəallığı yaddaşımda canlandı.
Günlərlə, bir sıra hallarda isə aylarla heç bir istintaq hərəkətinin aparılmaması, yalnız üç aydan, dörd aydan bir həbs qətimkan tədbirinin heç bir maddi və prosessual əsas olmadan, yaxud göstərilmədən, hansısa mücərrəd istintaq hərəkətlərinin aparılması iddiası - bəhanəsi ilə uzadılması...
Bu kontekstdə “cəmi 13 dəfə istintaqa çağırılma” müstəqil Azərbaycanın “sürünən” istintaq hərəkətləri təcrübəsi ilə müqayisədə necə də naşükür səslənir.
Bir məsələ daha.
“Lefortovo gündəliyi”nin bütöv məzmunundan bəlli olur ki, sabiq siyasi məhbus tez-tez həbsxana nəzarətçilərinə müstəntiqlə görüşmək istəyini ərz edirmiş və bu istək, bəzən tez bir zamanda, bir sıra hallarda isə ləngimələrlə baş tuturmuş.
Müstəntiq Jmyaçkin Vladimir Mixayloviç təcridxanaya gəlib, cinayət işini araşdırdığı məhbusu ədəb-ərkanla qəbul edir, saatlarla söhbət edir, müzakirələr aparır və diqqətlə şikayətlərini dinləyirmiş...
Heç bilmirəm, belə bir şeyi bizdə hər hansı bir təqsirləndirilən şəxs ən qanadlı xəyalında belə təsəvvür edə bilərmi?
Məsələn, Bakı İstintaq Təcridxanasında saxlanan hansısa siyasi məhbus (yaxud qeyri-siyasi məhbus, fərqi yoxdur) nəzarətçiyə onun təqsirləndirildiyi cinayət işini araşdıran müstəntiqlə görüşmək istəyini bildirir və bir neçə saat sonra müstəntiq təcridxanadakı istintaq otaqlarının birində peyda olur, onu qəbul edib, söhbətləşir...
Digər iki nümunə. 22.05.90-cı ildə Etibar Məmmədov yazır:
“Sonra vəkili dəvət etdilər. Yaşlı qadındır. Yerunina Natalya Aleksandrovna. Dediyinə görə, adlı-sanlı vəkildir...Vəkil ittihamla tanış olduqda çox təəccübləndi, çünki o da bir daha mənim fikrimi təsdiq etdi ki, bu, əslində ittiham deyil, Cinayət Məcəlləsindən bir maddənin köçürülməsidir. Müstəntiq də gülümsəyib dedi ki, bu fikirlə razıdır, ancaq heç bir şey edə bilməz. Vəkil getdikdən sonra müstəntiq dedi ki, mayın 25-də Bakıya yola düşür. Xahiş etdi ki, o gələnə qədər heç bir şikayət yazmayaq...”
25.05.90-cı il cümə gününün qeydləri:
“Axşam saat altının yarısında vəkil gəldi... Vəkil də yenə dedi ki, işdə əslində heç bir cinayət tərkibi yoxdur və şikayət yazmaq lazımdır. Razılaşdım. Müstəntqin adına təqdimat yazdı ki, irəli sürülmüş ittiham qərarında ittihamdan əsər-əlamət yoxdur. Deməli, vətəndaşı əslində heç bir ittiham olmadan 4 aydan artıqdır ki, həbsdə saxlayırsınız. Heç bir ittiham olmadığı üçün müdafiə olunmaq da mümkün deyil. Beləliklə, bir tərəfdən istintaq orqanı prosessual qaydaları kobud surətdə pozur, digər tərəfdən isə həbsdə olan Məmmədov faktiki olaraq müdafiə hüququndan məhrum edilməklə onun konstitusiya hüququ pozulur”.
SSRİ-nin soyuq və zəhmli paytaxtında, həmin paytaxtın vahiməli qəlbində vəkil diriliyi, müstəntiqin ittihamın siyasi motivini ağayana etiraf ləyaqəti, vəkilin və təqsirləndirilən şəxsin qanunsuz ittihamdan şikayətin nəticəsinə hələ də sarsılmamış inamı...
Bütün bunlar dünyanın gəlib-getmiş ən totalitar imperiyalarından biri hesab edilən Sovetlərdə və onun ən qorxunc həbsxanalarından olan Lefortovoda baş verir.
Narahat ağıl bütün bunları müstəqil Azərbaycanın məsələn, bugünkü modern, Avropa standartlarına uyğun təcridxanalarından birində gündəlik baş verənlərlə qeyri-ixtiyari müqayisə edir və sadəcə hər iki əlinin barmaqlarını başına daraqlayıb dərindən sükut edir...
Bir məhbusun nümunəsində Lefortovo gündəliyinin müstəqil Azərbaycan gündəliydən inanılmaz fərqidir adamı belə çoxmənalı sükuta qərq edən...
Mart 2025-ci il
Yalçın İmanov
Qeyd: Son iki sitatda istifadə edilən üç nöqtə (“...”) durğu işarəsi gündəliyin orijinal mətninə aid deyil, istinad edilən mətnin müəyyən hissəsinin hər hansı təhrifə yol verilmədən ixtisarla təqdim edildiyini bildirir.
Azərbaycan gündəliyi - Yalçın İmanov yazır