Aprelin 9-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcəyini elan edib.
Ölkə başçısı bildirib ki, buna səbəb Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasıdır.
“Əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, - o qeyd edib.
AŞPA 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. Qurum bu qərarını Qarabağ ermənilərinin hüquqlarının pozulması, ölkədə müxalif siyasətçilərin və müstəqil medianın təqibi və Avropa Şurası müşahidəçilərinin prezident seçkilərinə dəvət olunmaması ilə izah edib.
Qətnamənin lehinə 90, əleyhinə 76 deputat səs verib, 4 nəfər isə bitərəf qalıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb ki, səsvermədə Azərbaycan əleyhinə səs verən 76 deputatın ölkəyə girişinə məhdudiyyət qoyulub.
Abzas Media
Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək