Fərid Mehralızadə: "Heç ibtidai icma quruluşunda belə əsassız mühakimə aparılmazdı"

“Abzas Media” işi üzrə məhkəmə prosesində hakim jurnalistlərin özlərini müdafiəsinin qarşısını alıb və gələn şahidlərə sual verilməsinə imkan verməyib.

“Abzas Media” yazır ki, aprelin 8-də baş tutan prosesdə iş üzrə həbs olunan Fərid Mehralızadə sərbəst ifadə edib.

O deyib ki, “Abzas Media” ilə əlaqəsi yoxdur və onu Azadlıq Radiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar.

Mehralızadə 2024-cü il mayın 30-da səhər saat 08:30 radələrində işə gedərkən başına torba keçirilərək zorakılıqla saxlandığını bildirib və qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsində telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qalıb.

Jurnalist ittiham tərəfinin onun "Abzas Media"da işləməsi, oradan ödəniş alması ilə bağlı heç bir sübut tapa bilmədiyini əlavə edib.

"Cinayət Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası ilə bağlı maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil və ittihamı sübuta yetirmək ittiham tərəfinin üzərinə düşür. Ancaq cinayət işi materiallarında mənim qaçaqmalçılıq və digər cinayətləri necə törətməyim, hansı tarixdə ölkəyə nə qədər xarici valyuta gətirdiyim və kimə verdiyim barədə nə var? Hansı sübutlar cinayətin obyektini və subyektini təsdiq edir? Sizi əmin edirəm ki, heç ibtidai icma quruluşunda yaşayan qəbilələrdə belə əsassız mühakimə aparılmazdı. Biz faktiki olaraq sübuta yetirilməmiş cinayət ittihamından özümüzü müdafiə edirik", jurnalist qeyd edib.

O ifadəsinin sonunda hakimə Azərbaycan Respublikasının Konstitusiyasını hədiyyə edib:

"Bu cinayət işində tutduqları mövqedən sonra məndə belə təəssürat yaranıb ki, ittiham tərəfinin Azərbaycan Respublikasının Konstitusiyasından, xüsusilə də insan hüquq və azadlıqlarından bəhs edən hissədən xəbəri yoxdur. Ona görə də mən bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək", jurnalist deyib.

Dövlət ittihamçısı “Abzas Media” ilə əlaqəsinin olmadığını vurğulayan Mehralızadəyə eyni sualları təkrar verdikdə mübahisə yaşanıb.

Medianın  təsisçisi və direktoru Ülvi Həsənli isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirən Penitensiar Xidmət avtomobilinin şəraitsizliyindən şikayət edib.

O bildirib ki, avtomobilin içərisi tamamilə havasız və isti olub, kondisioner işləməyib. Hakim isə şikayətlərin aidiyyəti qurumlara çatdırılacağını bildirib və əlavə edib ki, o, ancaq proseslə bağlı cavabdehlik daşıyır.

Daha sonra iş üzrə dindirilən şahid Şəms Sultanlı medianın baş redaktoru Sevinc Vaqifqızı barəsində danışıb və onu müəllim kimi tanıdığını və ondan pul almadığını qeyd edib.

Növbəti şahid Ənvər Cəfərov deyib ki, o, iş yerinin yanında çörək almağa çıxanda saxlanılıb və telefonunun parolu zorla alınıb.

Təqsirləndirilən jurnalistlər şahidə zorakılığa və digər təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı suallar verdikdə, hakim şahidin cavab verməsinə imkan verməyib.

Ənvər Cəfərov zaldan sürətli şəkildə çıxarılıb. Bu isə etirazlara səbəb olub. Hakim prosesi aprelin 22-nə təxirə salıb.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. 

İlkin olaraq onlar qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra isə ittiham ağırlaşdırılıb. 

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Qanunvericiliyə görə, bu maddələrə görə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.