Siyasətçi Tofiq Yaqublunun aclıq aksiyası altıncı gündür davam edir.
Bu barədə onun qızı Nigar Həzi deyib.
“İndicə anamla mən, atamla görüşdük. Artıq 6 gündür ki, ata aclıq edir. Vəziyyəti heç də ürəkaçan deyil. Dünəndən bu günə qədər 1 kiloqram 100 qram çəki itirib. Hazırda çəkisi 89 kiloqram 600 qramdır. Təzyiqi 110/70-dir, nəbzi 100-dür. Halsızdır, gözləri çuxura düşüb, rəngi solub. Yeriyərkən büdrəyirdi. Gecələr yata bilmədiyini, gözlərinin isə getdikcə daha çox zəiflədiyini dedi”, — deyə Nigar Həzi bildirib.
O qeyd edib ki, atasının saxlanıldığı tibb məntəqəsində şəraitdən narazılığı yoxdur. Hətta gündə 3 dəfə kamerasına yemək gətirildiyini deyib. Onun sözlərinə görə, bu davranışın yuxarı instansiyaların tapşırığı ilə həyata keçirildiyi ehtimal edilir.
“Görünür, hakimiyyət aclıq aksiyası elan etmiş və bunu rəsmi şəkildə müəssisə rəhbərliyinə bildirmiş Tofiq Yaqublunun iradəsini sınamaq istəyir”, — deyə Nigar Həzi əlavə edib.
MeydanTV
Tofiq Yaqublunun aclıq aksiyası altıncı gündür davam edir