Teymur Kərimov 8 il müddətinə həbsə məhkum edilib

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimova hökm oxunub.

Hakim Azad Məcidovun sədrliyi ilə Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla 8 il müddətinə həbsə məhkum edilib, İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bundan öncə dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın 3 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Kərimov ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini bildirib və ona bəraət verilməsini istəyib, lakin məhkəmə onun bu xahişini nəzərə almayıb. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

Teymur Kərimov məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Jurnalist idarədə ona işgəncə verildiyini deyib.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.