“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərov Azərbaycanda son həbslər dalğasını pisləyən bəyanat yayıb. Ona istinadən Facebook profilində yayılmış bəyanatında hüquq müdafiəçisi bildirib ki, Meydan TV əməkdaşları və ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi “Azərbaycan hakimiyyətinin cəmiyyətə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir”.
“Bir hüquq müdafiəçisi olaraq, saxta ittihamlarla həbs edilən şəxslərə qarşı repressiv əməliyyatları qətiyyətlə pisləyirəm. Çox təəssüf ki, COP 29 səbəbilə təxirə salınan, lakin COP-dan dərhal sonra bərpa edilən siyasi motivli məhkəmə proseslərini izləmək imkanım yoxdur. Amma əminəm ki, insanlığa zidd olan bu repressiyaların da sonuna çox qalmayıb. Demokratiya mütləq qalib gələcək, Azərbaycan xalqı mütləq azad olacaq, ölkəmizdə ədalət hökmən bərqərar ediləcək!”, Rüfət Səfərovun bəyanatında deyilir.
Hüquq müdafiəçisinin fikirncə, Azərbaycan hakimiyyəti 2024-cü ilin son ayını da “şiddətləndirilmiş repressiyalarla” başa vurmaqda israrlıdır.
“Artıq insanların tək-tək və ya dəstə-dəstə tutulmasına, ənənəvi şərləmə mexanizminin həm ayrı-ayrı şəxslərə, həm də həbs edilən qruplara eyni “uğurla” tətbiq olunmasına heç kəs təəccüblənmir. Hökümət faktiki olaraq özünün törətdiyi bütün cinayətkar fəaliyyət növlərini saxta şahidlər və arqumentlərlə öz opponentlərinə qarşı istifadə edir. Dələduzluğun, qaçaqmalçılığın, narkotiklərin qanunsuz dövriyyəsinin bu rejimin aşağıdan yuxarıya doğru bütün nomenklaturasına aid fəaliyyət növləri olduğunu kim bilmir ki? Dekabrın 8-də Meydan TV əməkdaşlarının, 9-da isə tanınmış ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi rejimin Azərbaycan cəmiyyətinə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir. İnanıram ki, bütün mütərəqqi qüvvələr bunu məhz belə də qiymətləndirirlər”, Rüfət Səfərova istinadən onun profilində yayılan bəyanatında deyilir.
Siyasi məhbus son həbsləri pisləyən bəyanat verdi