Seyfəddin Şirvanovun vəziyyəti ağırlaşıb, siyasi məhbus növbəti infarkt riski altında xəstəxanaya yerləşdirilib

Siyasi məhbus Seyfəddin Şirvanovun vəziyyəti ağırlaşıb. Dekabrın 26-da o, cəza çəkdiyi 15-saylı müəssisənin tibbi xidmət qovşağına kəskin ürək ağrıları ilə müraciət edib. Kardioqramma olunduqdan sonra inanclı, səhhətində yaranan ciddi problemlər səbəbindən dekabrın 27-i Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Müəssisədə müayinədən sonra onun növbəti infarkt riski altında olduğu müəyyən olunub.
S. Şirvanov ilk dəfə noyabrın 11-də ürək nahiyyəsində ağrıların şiddətlənməsi ilə əlaqədar cəza çəkdiyi 15 saylı müəssisənin tibbi xidmət qovşağına müraciət etmişdi. Kardioqramma olunduqdan sonra ona bildirilib ki, vəziyyətində qorxulu heç bir şey yoxdur. Lakin bir gün sonra, noyabrın 12-də S. Şirvanov kəskin ürək ağrıları ilə, nəfəs çatışmamazlığı yaşamağa başlayır və o, məcburi Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülür.
İnfarkt səbəbindən səhhətinin ciddi ağırlığı nəzərə alınaraq özəl klinikalardan birinə gətirilən Seyfəddin təcili anju olunur və ürəyinə stend qoyulur. Bir müddət Mərkəzdə müalicə aldıqdan sonra Şirvanov cəza çəkdiyi 15 saylı müəssisəyə geri qaytarılsa da gəldiyi gündən müəyyən narahatlıqlarla bağlı şikayətləri olur. Dekabrın 25-dən növbəti şiddətli ağrılar bir daha məlum infarkt riskini gündəmə gətirir.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.