Papa Fransisk Suriyada yaşayan sünniləri, şiələri və xristianları birliyə səsləyib

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, Suriyada sülh, sabitlik və birliyin bərqərar olacağına dair ümidlərini ifadə edib.

Suriya tarixindəki bu həssas dövrdə siyasi həll yolunun tapılmasının zəruriliyini vurğulayan pontifik, zorakılığın və münaqişələrin artıq sonlanması gərəkdiyini bildirib.

Papa çıxışında, müxtəlif dini qrupların dostluq və qarşılıqlı hörmət əsasında birgə yaşaya biləcəyi bir gələcək üçün dualar etdiyini qeyd edib. O, həmçinin ölkə vətəndaşlarının doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində həyat sürməsini arzuladığını deyib.

“Suriya xalqının sabitlik və birlik yolunda irəliləməsi vacibdir. Daha çox parçalanma olmadan, ölkənin rifahını təşviq edən siyasi həll tapılmalıdır. Müxtəlif dini icmaların birgə addımlaması, ölkənin gələcəyi üçün mühüm addımdır,” – deyə Papa əlavə edib.

Bununla yanaşı, Papa Fransisk Ukraynada, Yaxın Şərqdə və Myanmada davam edən müharibələrə də toxunaraq, sülhün bərqərar olunmasının vacibliyini bir daha vurğulayıb. Müharibənin hər zaman məğlubiyyət olduğunu bildirən pontifik, zorakılığın gətirdiyi dağıntıların yalnız dialoq və birgə səylərlə aradan qaldırıla biləcəyini qeyd edib.

Papa Fransisk Suriyada yaşayan müxtəlif dini qrupları – sünniləri, şiələri və xristianları birliyə səsləyərək, bu əzabkeş xalqın dostluq və qarşılıqlı hörmət içində birlikdə yaşaması üçün dualarını davam etdirəcəyini bildirib.

Roma Papası, yalnız Suriyaya deyil, bütün dünyaya sülh mesajı ünvanlayaraq, müharibə şəraitində yaşayan xalqlar üçün dualar etməyə çağırıb. Sülhün yalnız dialoq və əməkdaşlıqla mümkün olduğunu bir daha vurğulayıb.