Nümunə. 6-cı hissə.

Bu günün böyük media imkanları mövcud istəklərə dəstək üçün ən ideal yol olaraq dünyada fikir yanlışlığı, həqiqətləri batil, digərlərini də əks olaraq göstərməkdə misilsiz rola malikdir. Buna görə də müasir media institutları döyüş meydanını görməyən komandanların qəhrəmanlıq hekayəsini, məddahlıq ruhunu vərəqlərə çevirən media mənsublarını qızıl qələm sahibi, hesablarında xalqdan oğurladığı pullarla orden və medallar alanları göstərib, onlar haqqında illuziya yaradaraq, igidlik salnaməsi hazırlaması bu planda ən əhəmiyyətli hissədir.

Artıq nümunə olaraq yanlışlığın sürdüyü ortam böyük bir zamanda beyinləri məşğul edən lazımsız fikirlərə sahib olmaqla yalnız əyləncəli dünyanın nəşəsində xumarlanan əxlaqsız, üzdəniraqları nümunə olaraq xalqa ötürməklə mövcud axtarışları arxa plana keçirir.

Qeyd edilən şərait təkcə mədəniyyət, elm, sosial, milli sahələrdə deyil, din, mənəviyyat, ailə institutlarında da yanlış nümunələrin təbliği və təqdimi ilə cəmiyyətdə xautik bir vəziyyət yaradıb. Haqqın, həqiqətin birləşdirici gücü müqabilində acizlik və qorxu bu günün yanlış nümunələrini istisnasız olaraq evlərimizə daşıyan hakimiyyətin siyasi və sosial, dini və mənəvi dəyərlərə qarşı bu tip mübarizədə aktivliyinə səbəb olub ki, hər kəs bir anlıq dayanıb ətrafında baş verənlərə diqqət edərsə, deyilənləri təsdiq edər.

Bəlli mühitdə həqiqi nümunələrin təzyiq və təhdid, bəzən isə həbs və ölümlə baş-başa qaldığı bir dönəmdə, yanlış nümunələri düz adı ilə sırımağa çalışan siyasi idarəçiliyin təzyiqi altında düzgün nümunələrin tanınması və onlardan lazımınca istifadəsi şübhəsiz ki, çətinləşir. Belə olan halda sadalanan xüsusda çoxsaylı insan modelləri arasında həqiqi düzü tapmaq və seçmək daha çətin və daha mürəkkəb olur. Bunun üçün əsas olan meyarı müəyyənləşdirmək və onu nümunələrdə izləmək bu işdə ən zəruri addımdır.

Biz qəhrəman olaraq sadalanan şəxslərin həyat kekayələri üzərində onları qəhrəmana çevirən özəlliklərinə diqqət edək. Polad Həşimov - vətənpərvər, haqq və ədalət uğrunda son nəfəsinə qədər mücadilə aparan əvəzsiz general; Çingiz Mustafayev - həqiqətin, azad söz və fikrin bütün insanlığa heç bir kənar təsir olmadan yetirilməsi üçün böyük addımlar atan fədakar jurnalist, Hacı Şahin Həsənli - mənəvi paklıq və ruhi yüksəliş üçün bir ömür mücadiə edən xətib ruhani! Bu adlar kimlərə görəsə fərqli isimlərlə əvəzlənə bilər. Məqsəd məhz qeyd edilən şəxslər deyil, onların sevilmə amili olan özəlliklərin ortaya qoyulmasındadır. Bizə bu şəxsləri nümunəvi edən onlarda olan özəl xüsusiyyətlərdir ki, onları həyat hekayələrində təcrübədən çıxararaq uğurlarını göstərməkdədir. Şəxsin siması burada nəzəri olaraq müxtəlif adlarla dəyişdirilsə də, əməli nümunə olaraq bütün insanlıq üçün bir həqiqət olaraq tətbiqi əlçatandır.

Məsələdə bir az da həssaslıqla bütün bu simaların bir şəxsdə cəmlənən nümunəsi fərqli obrazların tamı olaraq daha çox əhəmiyyət daşıyacaq. Biz hər bir fərddən bir özəl nümunəni izlədiyimiz halda fərdlərin zidd nümunəvi tərəfləri kimi varlıqlarının bir-birinə əks olan tərəflərində fərqlilikləri bizdə narahatlıq da yaradacaq. Nəzərə almaq lazımdır ki, hər bir fərdin nümunəvi həyat hekayəsi nə qədər mükəmməl olarsa, bu, hansısa bir sahədə natamamlıq qaçılmazdır.

Bütün bunların yaşanmaması üçün insanın memarı olan Allah bu kimi problemlərin həlli üçün Öz nümunələrində tamlıq yaradaraq onun təqdimatını həyata keçirib. Siz peyğəmbərlərin həyat hekayəsinə diqqət göstərsəniz, onlarda yuxarıda qeyd edilən özəllikləri müşayət etmiş olacaqsınız.

 

6-cı hissənin sonu.