DTX inanclı zabitə təzyiq göstərir

Dünən axşam saatlarında Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Ruslan İbrahimov Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə onun yaxınları Operativ.tv-yə məlumat veriblər.

Məlumatda vurğulanıb ki, bir neçə saat DTX-da saxlanılan zabit daha sonra sərbəst buraxılıb.

Ruslan İbrahimov Operativ.tv-yə açıqlamasında baş verənləri belə izah edib: "Axşam təxminən saat 9 radələrində Sumqayıt şəhərində evə bəzi ərzaqları alıb qayıdarkən Üzeyir hacıbıyov 343 -də qəflətən yanımda saxlayan "Mercedes Vito" markalı avtomobildən enən mülki geyimli şəxslər məni məcburi şəkildə özləri ilə aparmaq üçün maşına əyləşdirdilər. Dövlət Təhlükəsizlik Xidmətinə aparıldıqdan sonra məndən hansı səbəbə görə inanclı olduğumu və İslam dini rituallarına dəqiqliklə riayət etdiyimi soruşdular. Onlar mənə zabit olduğumu və İran ilə İraqda müqəddəs məkanlarda ziyarət olmağımı bəyənilməz olduğunu deyirdilər. Mənə deyirdilər ki, istəsək səni İran və İraqın xüsusi xidmət orqanlarının əməkdaşlarına casusluq etməkdə də şərləyə bilərik. Tələbləri o idi ki, dini mərasimlərə qatılmayım və başımı aşağı salıb onların dediyi qaydada fəaliyyət göstərim. Mən də onlara etdiklərimdə heç bir cinayət olmadığını, etdiklərinin qanunsuz olduğunu vurğuladım. Çünki onların Azərbaycan Silahlı Qüvvələri zabitini bu şəkildə saxlamağa və təzyiq göstərməyə haqları yoxdur. Yəni bu qanunsuzdur".

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan Ruslan İbrahimov baş verənləri özünə qarşı mənəvi təzyiq olaraq qiymətləndirib.