Kərbəla dərsi və zühura hazırlıq

Kərbəla hadisəsi yalnız bir tarixi faciə deyil, həm də insanlığın əbədi imtahan meydanıdır. O, bizə göstərdi ki, haqq və batil yalnız silahla deyil, ruh, iradə və əqidə ilə üz-üzə gəlir. Kərbəla bir güzgüdür, hər dövrün insanı bu güzgüdə özünü görə bilər. Zaman dəyişsə də, insanın içindəki zəifliklər eyni qalır. Əgər biz İmam Zamanın (ə.f) zuhuruna hazırlaşmaq istəyiriksə, Kərbəla dərsini dərindən dərk etməli və orada məğlub olmuşların mənfi xüsusiyyətlərini özümüzdən uzaqlaşdırmalıyıq.

Kərbəla səhnəsində İmam Hüseynə (ə) qarşı çıxanların əsas dörd mənfi sifəti vardı ki, digər mənfi xüsusiyyətlər də məhz bunlardan qaynaqlanırdı. Bu dörd mənfi xüsusiyyətə diqqət etməli və onların bizdə yaranmasına qarşı daim mübarizə aparmalıyıq:

1. Qorxaqlıq;
Bəzi insanlar haqqı tanıyırdılar, İmam Hüseynin (ə) haqlı olduğunu bilirdilər. Amma Yezidin qılıncının parıltısı və ölüm qorxusu onların qəlbini bürüdü. Onlar cəsarətlərini itirdilər və nəticədə haqqa qarşı qılınc çəkdilər.
Zühura hazırlıq üçün biz gərək iman və əqidə cəsarəti ilə dolu olaq. Qorxu bizi haqqa qarşı çevirməməlidir.

2. Bəsirətsizlik;
Bəziləri isə haqqla batili ayırd etmə gücündən məhrum idi. Daxili görmə, yəni bəsirət zəif idi. İmam Hüseyni (ə) tanımır, düşməni düzgün dəyərləndirə bilmirdilər. Bu səbəbdən düşmənin təbliğatına aldandılar və haqqın qarşısında dayandılar. Əgər İmam Zamanın (ə.f) ordusunda olmaq istəyiriksə, gərək bəsirətimizi artıraq, haqqı tanımaq və batili ifşa etmək gücünə sahib olaq.

3. Dünyapərəstlik;
Bəzi insanlar hər şeyi çox yaxşı anlayırdılar. İmam Hüseynin (ə) haqlı olduğunu da, Yezidin batil olduğunu da bilirdilər. Onlar qorxaq da deyildilər. Amma dünya sevgisi, məqam, mal-dövlət onların gözünü örtmüşdü. Axirətə deyil, dünyaya vurğun idilər. Zühura hazır olmaq üçün gərək dünya sevgisini qəlbimizdən çıxaraq və axirəti dünyaya satmamaq üçün öz nəfsimizlə mübarizə aparaq.

4. Həsəd.
Bu insanlar nə qorxaq idilər, nə də bəsirətsiz. Amma onların içində Əhli-Beytə (ə) qarşı dərin bir kin, paxıllıq vardı. Onlar sadəcə İmam Hüseynin (ə) və Əli (ə) nəslindən birinin hakim olmasını istəmirdilər. Haqq tərəfdə olmaya da bilərdilər, amma sırf bu kinə görə batilin yanında dayandılar. Əgər biz İmam Zamanın (ə.f) səhabəsi olmaq istəyiriksə, qəlbimizdəki hər cür kin, nifrət və həsədi təmizləməliyik. Əks halda, haqq qarşısında ola bilərik, fərqinə varmadan.

Nəticə olaraq, əgər biz bu dörd əsas mənfi sifəti (qorxaqlıq, bəsirətsizlik, dünyapərəstlik və həsədi) özümüzdən uzaqlaşdıra bilsək, digər mənfi hallardan da xilas olarıq. Bu yolla biz İmam Zamanın (ə.f) zuhuruna hazır ola və onun bayrağı altında haqq uğrunda mübarizəyə qalxa bilərik. Kərbəla bizə bu dərsi verir:

Haqq tərəfdə olmaq üçün cəsarət, bəsirət, ixlas və təmiz qəlb vacibdir.