Norveç Helsinki Komitəsi qadın jurnalistlərin azadlığını istəyir

Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq Azərbaycan hökumətini həbsdə olan səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.

İnsan haqları təşkilatı bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür, ölkədə insan haqları ilə bağlı böhran vəziyyətində "ön cərgədə dayanan" qadın jurnalistlər bunun ağır bədəlini ödəyiblər: "Azərbaycan səkkiz qadın jurnalisti fəaliyyətinə görə həbs edərək misli görünməmiş bir basqıya imza atılıb. Basqınlar, həbslər və əsassız ittihamlarla keçirilən məhkəmə prosesləri təhlükəli bir norma halına gəlib. Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmayıb. Azərbaycanda müstəqil jurnalistika, xüsusilə qadınlar üçün heç vaxt asan olmayıb".

Bəyanatda vurğulanır ki, həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var və onlar təcili tibbi yardıma ehtiyac duyurlar. "Məhkəmə istintaqı zamanı saxlandıqları şərait səbəbindən həyatları təhlükə altındadır. Təhlükəsiz olmayan həbsxana şəraiti, adekvat tibbi xidmətə çıxışın çətinliyi onların sağlamlığı və rifahı üçün ciddi risklər yaradır. Onların bəziləri ailə üzvlərinə baxan əsas şəxslər, analar, ailənin yeganə qazanc təminatçısıdır və ailə məsuliyyəti daşıyırlar".

"Bu mühüm günün (8 Mart) yaxınlaşması ilə Azərbaycan hökuməti öz hərəkətlərini söylədikləri ilə uyğunlaşdırmaq fürsəti əldə edir... Azərbaycanın beynəlxalq tərəfdaşları da bu fürsəti dəyərləndirərək humanitar əsaslarla onların azadlığa buraxılması üçün səylərini gücləndirməli və Beynəlxalq Qadınlar Gününün həqiqi ruhunu dəstəkləməlidirlər", - Norveç Helsinki Komitəsi bəyanatında bildirilir.

Xatırlatma

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.

 

AzadlıqRadiosu