Tbilisidə izdihamlı yürüş aksiyası keçirilib

Tbilisidə "Yeni seçkilər" və "Siyasi məhbusların azad edilməsi" tələbi ilə izdihamlı yürüş keçirilib.

QHT-lərin təşkilatçılığı ilə keçirilən yürüşdə vətəndaşlar, siyasətçilər, müxtəlif sahələrin nümayəndələri, o cümlədən yazıçılar və şairlər iştirak ediblər.

Yürüş Tbilisinin Avropa meydanından Parlament binasına doğru hərəkətla başlayıb.

Əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyan aksiya iştirakçıları "Yeni seçkilər!", "Yaşasın Gürcüstan!", "Oliqarxiyaya və avtoritarizmə yox!", "Rejim məhbuslarına azadlıq!" şüarları səsləndiriblər.

Xatırladaq ki, bu gün fasiləsiz etirazların 80-ci günüdür. Aksiyalar paytaxtda və regionlarda o vaxtdan bəri keçirilir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze 2024-cü il noyabrın 28-də hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların açılması məsələsini gündəliyə salmayacağını və bu müddət ərzində Aİ-dən hər hansı büdcə qrantından imtina edəcəyini bəyan edib.