Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il azadlıqdan məhrumetmə cəza istənilib.
Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
"Mənə hökm oxunan gündən aclıq aksiyasına başlayacam və ölənədək dayanmayacam", - T.Yaqublu məhkəmədə deyib.
Dövlət ittihamçısı Tofiq Yaqublu ilə birlikdə mühakimə edilən Elnur Məmmədovun 9 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Elşən Hüseynov Almaniyaya gedərək, orada vətəndaşlıq almaq istəyib və bunun üçün Elnur Məmmədova 25 min avro, 10 min manat pul verib. O da həmin pulları bu işi düzəltməsi üçün Tofiq Yaqubluya çatdırıb. Onların iddiasına görə, pul 2023-cü il dekabrın 8-də günorta Zabrat qəsəbəsində siyasətçiyə verilib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
Prokuror Tofiq Yaqubluya 10 il azadlıqdan məhrumetmə cəzası istəyib