Bir sıra xəbər saytlarının kütləvi haker hücumuna məruz qalıb

Azərbaycanda bir sıra xəbər saytlarının kütləvi haker hücumuna məruz qaldığı bildirilir.
Həmin saytların fəaliyyətində problemlər yaranıb, giriş məhdudlaşıb.
Hücuma məruz qalan KİV-lər “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” internet televiziyası, eləcə də “Azpolitika.info” saytıdır.
Bu barədə “Global Media Group” açıqlama yayıb.
"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada qeyd olunub.
Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişərək (deface) özünü “Azərbaycan İslam Müqavimət Hərəkatı” kimi ifadə edən “Hüseynçilər” adlandıran qrupun loqosunu yerləşdiriblər.
 
ToplumTV