Məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyəm

Toplum TV-təsisçisi, hüquqşünas, media eksperti Ələsgər Məmmədli “Toplum TV”-yə qarşı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və “məhkəmədə azacıq ədalət olacağı təqdirdə” bütün ittihamları “puç edəcəyinə” inanır.
Bunu fevralın 18-də Ələsgər Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli “Facebook“ hesabında yazıb.
“Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib”, - N.Məmmədli bildirib.
N.Məmmədlinin sözlərinə görə, Ə.Məmmədli hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün 5 gün sərf edib:
“50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur”.
 
 
ToplumTv