“Mərasimdə əks olunan fikirlər hökumətin mövqeyini əks etdirmir”- Iran XIN

İran Xarici İşlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.

Onun sözlərinə görə, İranın şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları hökumətinin mövqeyini əks etdirmir.

“İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”, Dəmirçili İRNA agentliyinə bildirib.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“29 dekabr 2024–cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda vurğulanıb ki, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.