Monteneqro polisi 10 nəfərin ölümünə səbəb olmuş silahlı şəxsi axtarır

Monteneqronun Tsetine şəhərində, barların birində, ikisi uşaq, 12 nəfərin ölümüylə nəticələnən silahlı hadisə baş verib. Cinayəti törədən şəxs olay yerindən qaçıb.

Rəsmilər Ako Martinoviç adlı şübhəlinin axtarış başladıldıqdan sonra intihara cəhd etdiyini və xəstəxanaya aparılarkən öldüyünü söyləyib.

Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransında deyib ki, Martinoviç bar sahibini, onun uşaqlarını və öz ailə üzvlərini qətlə yetirib.

Dörd nəfər barda öldürülüb, daha 6-sı da digər yerlərdə ölümcül xəsarətlər alıb. Silahlı insident əlbəyaxa çəkişmədən sonra baş verib.

Üç kişi və bir qadın Tsetine xəstəxanasına çatdırılıb. Onların durumları çox ağırdır.

Matəm elan olunub

Baş nazir Miloyko Spaiç xəstələrə baş çəkib və ölkədə 3 günlük matəm elan edib. O, Tsetine yaxınlığındakı Bayitse kəndində baş vermiş olayı "dəhşətli faciə" adlandırıb.

Xəstələrin həyatları uğrunda mübarizə aparıldığını deyən baş nazir əlavə edib ki, cinayətkarın axtarışı üçün bütün qüvvələr səfərbər olunub.

Prezident Yakov Milatoviç X sosial şəbəkəsindəki paylaşımında faciədən sarsıldığını və heyrətə gəldiyini bildirib. "Bayram sevinci əvəzinə ….ölkə günahsız insanların həyatını itirdiyinə kədərlənir", - onun sözləridir.

Polis paytaxt Podqoritsadan 30 km şimal-qərbdə yerləşən Tsetine sakinlərini evlərini tərk etməməyə çağırıb. Şübhəli şəxsin "silahlı və təhlükəli" olduğu deyilir.

"Baş vermiş hadisə mütəşəkkil cinayət qruplaşmaları arasında olan qarşıdurmanın nəticəsi deyil", - polisin bəyanatda belə deyilir.

Monteneqroda matəm yanvarın 2-də başlanacaq. Podqoritse, Budva və Kotor şəhərlərindəki Yeni il konsertləri ləğv edilib.

Bu, son üç ildə Tsetinedə baş verən ikinci bənzər olaydır. 2022-ci ildə də silahlı hücum nəticəsində, ikisi uşaq, 10 nəfər qətlə yetirilmişdi. Hadisədən sonra cinayətkarı şəhər sakini küçədəcə güllələmişdi.