İraq İŞİD-in yenidən dirçəlməsi təhlükəsi barədə xəbərdarlıq edib

Suriyada artan qeyri-sabitlik və etibarsızlıq İŞİD-in, xüsusən də İraqdakı fəaliyyətləri ilə bağlı narahatlığı artırıb.

Əl-Maluma xəbər agentliyinin məlumatına görə, Suriyadakı siyasi və hərbi vəziyyətdən istifadə edərək, İŞİD ünsürlərinin meydanda hərəkətliliyi daha da güclənib. İraq rəsmiləri son günlər Suriyanın şərqindəki həbsxanalardan terrorçu liderlərin qaçması və İŞİD-in yenidən hakimiyyəti ələ keçirməsi ehtimalı ilə bağlı məlumat aldığını bildirərək, narahatlıqlarını ifadə ediblər.

Bədr Hərəkatının rəsmilərindən Mahmud əl-Həyani İŞİD üzvlərinin üsullarını dəyişdiklərini və internet vasitəsilə İraqdan terrorçu topladığını açıqlayıb.

Həyani əlavə edib ki, bir neçə gün əvvəl Fəllucədə İŞİD-in yazıları və bayraqları görülüb və təhlükəsizlik qüvvələri bu hadisələrlə əlaqəli terrorçuları saxlayıb.

O, həmçinin vurğulayıb ki, İŞİD yeraltı qruplarının yenidən dirçəlməsi ilə bağlı ciddi narahatlıqlar var.