Bitirdiyimiz 2024-cü il İslam dünyasında Yaxın Şərq alovunun günahsız qurbanları ilə yanaşı bəzi Avropa ölkələrində İslam dini və onun əsaslarına qarşı həqarətlə də müşahidə olundu. Hicaba qarşı qadağalar, Quran əleyhinə vandallıq aktları il boyu yaşanan anti-islam davranışları arasında yer aldı. Lakin bütün bu hadisələr dünyanın maraq nöqtəsində olan Yaxın Şərq problemi, xüsusi olaraq yüksək rəqəmlərlə insan itkisinin yaşandığı Qəzzanı diqqətdən kənarda saxlamadı.
İsrailin HƏMAS, Hizbullah, Ənsərullah, Həşduş-Şabe daxil təşkilatlara qarşı genişləndirdiyi müharibələr dinc əhali, körpə və uşaqların da yer aldığı qətliama səbəb oldu. İnsanlıq əleyhinə cinayət səbəbinə Beynəlxalq Cinayət Məhkəməsi İsrail rəsmiləri Netanyahu və Qallantın həbsinə order belə verdi. Amerika da daxil bütün xristian dünyası, Qərbin hər bir nöqtəsində İsrail əleyhinə sayı 6 mini keçən aksiyalar, kütləvi etirazlar ilin mənzərəsinə daxil oldu.
Etiraz və ittiham aktlarına baxmayaraq Amerikanın müdafiə çətiri altında gizlənən İsrail özünümüdafiə adı altında bu gün də davam edən soyqırım siyasətini sürdürür. Belə ki, Suriyada hakimiyyət dəyişikliyi fonunda ərazilərinə hücum edən Sionizm Suriyanın torpaqlarının yetərli hissəsini işğal edərək öz məkrli siyasətini davam etdirməkdə israrlıdır.
Bu ittifaq 2024-cü ildə sayı 50 mini keçən Yaxın Şərq qurbanları ilə yanaşı İslam dünyasının dörd böyük sərkərdəsini də terrora məruz qoydu. İlin hüzn dolu notları iyulun 31-də Tehranda terrora məruz qalan HƏMAS lideri İsmayıl Haniyənin şəhadət xəbəri ilə İslam dünyasını matəmə qərq etdi.
27 sentyabr Hizbullah hərəkatının ölümsüz lideri Seyyid Həsən Nəsrullahın paytaxt Beyrutda şəhadəti isə sözün həqiqi mənasında əvəzsiz itki idi. Bu ağrılı faciənin davamı olaraq İsrailin terror qurbanları sırasında Hizbullahın yeni seçilmiş lideri Haşim Səfiyəddinin də əlavə olunması bu acını nəfəskəsən həddə qədər yüksəltdi. Oktyabrın 3-də Beyruta intensiv hava hücumları dəyərli sərkərdənin həyatına son qoydu.
İslam dünyasının ali simaları sırasında bu ilin daha bir itkisi oktyabrın 16-da mübariz və mücahid HƏMAS lideri Yəhya Sinvarın Rəfah şəhərində döyüşərək şəhadətə yüksəlməsi oldu. Son nəfəsinə qədər müqavimət göstərən Sinvar ölümsüzlük simvoluna çevrildi.
Əlbəttə, haqq və batilin cəbhələşdiyi bu ikiqütblü dünyanın mübarizləri döyüş meydanına addım atdıqları zaman hədəfləri şəhadət olmasa da, sonu ölüm olan bu həyata şəhadətlə nöqtə qoymaq arzuları ilə yaşadıqlarını heç zaman gizləmədilər. Lakin onların şəhadət pərvazi qədər ayrılıq acısı ümmətə ili qeyd edilən iztirabla sonlandırdı.
İlin şəhadət qurbanları: Haniyə, Nəsrullah, Sinvar və Səfiyəddin...