Gürcüstan üçün kritik tarix: 29 dekabr

Gürcüstanda yeni seçki tələb edən avrointeqrasiya tərəfdarlarının etiraz aksiyaları davam edir. Baş nazir İrakli Kobaxidze bir gün əvvəl demişdi ki, “Tam səfərbərlik elan etməsinə baxmayaraq müxalifət çox çətinliklə üç min adam toplaya bildi və köhnə aksiya fotolarını paylaşmağa məcbur oldu. İnsanlar artıq etirazlara çıxmır”.

Amma şənbə və bazar günləri keçirilən yürüş-mitinqlər kifayət qədər kütləvi alındı. Hökumət etirazların zamanla səngiyəcəyinə və öz-özünə sönəcəyinə ümid etsə də, baş verənlər bunun əksini göstərir. Məsələn, müstəqil faktaraşdırıcılar (faktçekinq) qurumun hesablamalarına görə, Kobaxidzenin bəhs etdiyi şənbə aksiyasında 186 min 835 nəfər iştirak edib.  

Aydındır ki, uzun müddət bu cür davam edə bilməz və hansısa mərhələdə prosesə nöqtə qoyulmalıdır. Bunun iki yolu var: ya etirazçıların və onları dəstəkləyən prezidentin tələbi yerinə yetiriləcək, ya da aksiyalar zorakılıqla yatırılacaq və kütləvi repressiyalara start veriləcək. Bu baxımdan 29 dekabr 2024-cü il çox vacib gündür. Həmin gün hazırkı prezident Salome Zurabişvilinin səlahiyyət müddəti sona çatır. Lakin Zurabişvili indiki parlamenti, Seçicilər Kollegiyasının seçdiyi prezidenti və onun formalaşdırdığı hökuməti legitim saymır; ayın 29-dan sonra da vəzifəsində qalacağını, iqamətgahını tərk etməyəcəyini bildirir. Müxalifət də eyni mövqedədir. 

Baş nazir Kobaxidze isə Zurabivilini həbslə hədələyir: “Maraqlıdır, ayın 29-dan sonra o, harada yaşamağa üstünlük verəcək: azadlıqda, yoxsa dəmir barmaqlıqlar arxasında? Heç kim 72 yaşlı qadını həbsxanaya göndərmək istəmir, lakin o bu cür davranışla ətrafındakı bütün insanları qurban verə bilər. Onun Cinayət Məcəlləsini pozmamağa dərrakəsi çatar...”   

Zurabişvili dünənki mitinqdə prezident və ali baş komandan olaraq qalacağını, həbsdən qorxmadığını bildirib. O, hökuməti ayın 29-na qədər yeni seçkilərin tarixini elan etməyə çağırıb və ölkənin faktiki rəhbəri Bidzina İvanişvilinin dialoqa dəvət edib. Aydındır ki, hökumət bu tələbləri yerinə yetirməyəcək və dekabrın 29-da Mixail Kavelaşvilini prezident iqamətgahında oturtmağa çalışacaq. Zurabişvili iqamətgahı tərk etməsə, onun kabinetindən zorla, polis gücünə çıxarılması ehtimalı kifayət qədər yüksəkdir. Bu halda Tbilsidə və ölkədə gərginlik son həddə çata bilər.

Hökumət son aksiyalara qarşı güc tətbiq etməməklə əslində ağıllı hərəkət edir, çünki zorakılıq daha çox etiraz doğurur və əks nəticə verir. Yaxın keçmişdə qanlı-qadalı mərhələlərdən keçmiş Gürcüstan toplumunu həbslərlə və polis dəyənəyilə qorxudub sındırmaq mümkün deyil. Nyutonun üçüncü qanunu (təsir əks təsirə bərabərdir) bu ölkədə işləyir. Amma etirazların səngiyəcəyi ümidilə hadisələri öz axarına buraxmaq “Gürcü Arzusu” üçün ekzistensial risklər yaradır. Özünü yeganə legitim hakimiyyət təmsilçisi elan etmiş Salome Zurabişviliyə qarşı tədbir görülməsə, bunun yerli və beynəlxalq miqyasda iki ciddi nəticəsi ola bilər: Qərb yeganə qanuni hakimiyyət kimi məhz Zurabişvilini tanıya və bundan sonra Gürcüstanın dövlət aparatı da onun tərəfinə keçə bilər. Ehtimal var ki, NATO tərəfindən təlim verilmiş, Qərb yönümlü zabitlərdən ibarət Gürcüstan Silahlı Qüvvələrinin komandanlığı da qanuni prezident kimi məhz Salome Zurabişvilini tanıdığını elan edə bilər. Bu isə “Gürcü Arzusu” hakimiyyətinin sonu olar. 

Şübhəsiz ki, İvanişvili kimi təcrübəli siyasətçi bu təhlükəli perspektivi çox yaxşı anlayır. Geri addım atılması və ikihakimiyyətlilik görüntüsü bu tip iqtidarların legitimlik problemini dərinləşdirir və dayaqlarını sürətlə sarsıdır. Amma qeyd etdiyimiz kimi, zorakılıq da çıxış yolu deyil. Aksiyaların ilk günlərində güc tətbiqi cəmiyyətin etirazlara qatılmayan hissəsində də ciddi narazılıqlara səbəb oldu. Gürcü toplumunda böyük nüfuza və ağırlığa malik kilsə institutu da belə davranışlara mənfi reaksiya verir. 91 yaşlı katalikos-patriarx II İlya dekabrın 13-də  bəyanat  yayaraq ölkədəki gərginliyin dövlətçiliyə və suverenliyə real təhlükə yaratdığını bildirdi, tərəfləri dialoqa səslədi. O, Gürcüstanı Avropa sivilizasiyasının ayrılmaz tərkib hissəsi də adlandırdı. Bu açıqlamanın siyasi yozumu budur ki, kilsə etirazların zor gücünə dağıdılmasını yolverilməz sayır. Əsrlər boyu saysız-hesabsız hücumlar və təqiblər şəraitində gürcü milli kimliyinin qoruyucusu olmuş kilsə bu gün də ölkə həyatında vacib rol oynamağa davam edir.  

Beləliklə, dekabrın 29-da Gürcüstanda, bölgədə və dünyada hamının nəzərləri Tbilisinin Antoneli küçəsinə - knyaz Orbeliani ailəsinin mülkünə yönələcək. Prezident iqamətgahının yerləşdiyi bu tarixi malikanə tarixi hadisəyə şahidlik edə bilər.

 

"Toplum TV"