Gürcüstan prezidenti tərəfdarlarını küçələrə çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili tərəfdarlarını dekabrın 29-da prezident sarayının qarşısına yığışmağa çağırıb. Bir gün öncə isə o, hökumətin Avropa İttifaqına (Aİ) inteqrasiyanı yubatmaq səylərinə etiraz edənlərə qoşulub.

“Orbeliani sarayından salamlar. Buradayam, burada olacağam, gecəni də burada keçirəcəyəm”, – Zurabişvili sosial mediada yayılmış videoda deyir.

Prezident bu gün tərəfdarlarını küçələrə çıxmağa səsləyib. O, dekabrın 29-da prezidentlik müddətinin bitməsinə baxmayaraq, vəzifədən getməyəcəyini deyir. Hakim “Gürcü Arzusu”nun dominantlıq etdiyi Seçici Kollegiyasının ayın əvvəlində seçdiyi varisini isə “qeyri-legitim” sayır.

Bazar günü Tbilisi küçələrində potensial toqquşmalar gözlənilir.

Şənbə günü isə etirazçılar Gürcüstan və Aİ bayraqları qaldırıb, “insan zənciri” yaradıblar. Zurabişvili də etirazçılara qoşulub.

Gürcüstanda müxalifət və prezident oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Hakim partiya seçkini udduğunu bildirib. ATƏT seçkinin pozuntularla keçdiyini açıqlayıb.

O vaxtdan ölkədə etirazlar keçirilir. Ötən ay hökumət Aİ-yə üzvlük danışıqlarının təxirə salınması qərarı verəndən sonra etirazlar intensivləşib.

 

İvanişviliyə sanksiyalar

Dekabrın 27-də ABŞ keçmiş baş nazir, "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişviliyə sanksiyalar açıqlayıb. Onun “Rusiya Federasiyasının xeyrinə” Gürcüstanda demokratiyanı sarsıtdığı bildirilib.

Zurabişvili hökuməti dekabrın 29-dək yeni parlament seçkilərinin vaxtını təyin etməyə çağırıb.

ABŞ Nümayəndələr Palatasının üzvü Co Uilson (Joe Wilson) dekabrın 27-də X hesabında yazıb ki, yeni sanksiyaları alqışlayır və Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə “Gürcüstanın yeganə legitim lideri kimi” Zurabişvilini dəvət edib.

Seçicilər Kollegiyasının yeni prezident seçdiyi Mixeil Kavelaşvilinin 53yaşı var, keçmiş futbolçudur, sağ-qanad populistdir. O, dekabrın 29-da and içməlidir.

72 yaşlı Zurabişvili isə dekabrın 27-də “Gələn həftə bu vaxtlar mən prezident olacağam” sözlərini dilə gətirib.

Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd ölkə statusu verilib. Mayda hökumətin “xarici agent” qanununu qəbul etməsindən sonra Brüssellə münasibətlər gərginləşib. “Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir.

 

 

AzadlıqRadiosu