BMT-nin baş katibi: İsrail Suriyadakı hücumlarına son qoymalıdır

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Suriyadakı təcavüzkar hərəkətlərinə son qoymağa çağırıb. Quterreş cümə günü elan edib ki, Suriya ilə işğal olunmuş ərazilər arasındakı bufer zonada sülhməramlı qüvvələrdən başqa heç bir hərbi qüvvə olmamalıdır.

“Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyü tam şəkildə qorunmalı və bütün təcavüzkar hərəkətlər dərhal dayandırılmalıdır. Sülhməramlılar öz mühüm işlərini sərbəst şəkildə yerinə yetirməlidirlər. İsrail və Suriya 1974-cü ildə imzalanmış tərksilah sazişinin müddəalarını tam qüvvədə saxlamalıdırlar.”

Quterreş Suriyaya qarşı hazırkı sanksiyaların yumşaldılması üçün ilk addımı beynəlxalq ictimaiyyətin atması ilə bağlı fikirlərini də dilə gətirib: “Unutmaq olmaz ki, Əsəd rejiminə qarşı sanksiyalar tətbiq olunub. İndi vəziyyət dəyişib. Açığı, biz keçid mərhələsindəyik. Hesab edirəm ki, keçid dövründə hər iki tərəfdən görüləsi işlər var.”