Azərbaycanda artıq heç bir nəfəslik qoymayıblar

Araşdırmaçı jurnalist Xədicə İsmayıl "Azadlıq Radiosu"na müsahibəsində Azərbaycanda jurnalistlərin ağır repressiyalara məruz qaldığını bildirib.
"Prezidentdən tutmuş məmurlara qədər hər kəs ölkədə baş verən bütün iqtisadi proseslərdən öz cibləri üçün yararlanmağa çalışırlar. Ona görə də Azərbaycanda jurnalistlərin görəcək işi çoxdur, amma ölkə içində bu işi görəcək adam qoymayıblar.
Azərbaycanda artıq heç bir nəfəslik qoymayıblar. Yeraltından gizli-gizli işləyən jurnalistləri də tapıb bir-bir tuturlar. Bir gün də olmur ki, həmin gün həbs və ya məhkəmə xəbəri olmasın. Bəzən elə günlər olur ki, bir neçə nəfəri birdən həbs edirlər", - Xədicə İsmayıl bildirib.
Yerli hüquq müdafiəçilərinin açıqladığı son hesabata görə, Azərbaycanda siyasi məhbusların sayı 331 nəfərə çatıb. Siyasi məhbuslar arasında onlarla jurnalist var.
Yerli və beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini siyasi həbsləri dayandırmağa, siyasi məhbusları azadlığa buraxmağa çağırır. Hökumət isə bütün bu tələbləri qərəzli hesab edir.