AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

lkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. İnterfaks xəbər verir ki, təyyarə qəzasında 12 nəfər sağ qalıb və xəstəxanaya yerləşdiriliblər. Bu haqda təyyarənin qəzaya uğradığı Aktau şəhərində yaradılmış operativ qərargahdan məlumat verilib. 

Təyyarənin Xəzər dənizi üzərində “SOS” siqnalı verdiyi, daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət aldığı deyilir. RBK xəbər verir ki, sərnişin təyyarəsində Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Sərnişinlərin çoxunun Azərbaycan vətəndaşı olduğu bildirilir.

AZAL-dan bildirilir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190 təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.