Avropa Parlamenti Azərbaycanda repressiyaları pisləyən qətnamə qəbul edib

Avropa Parlamenti dekabrın 19-da Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyən, siyasi məhbusların azad edilməsini tələb edən və yüksək vəzifəli məmurlara qarşı hədəfli sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.
“Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyaların davam etməsi və doktor Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV-nin işləri” başlıqlı qətnamə qondarma və siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər və fəallara qarşı bütün ittihamların qeyd-şərtsiz ləğv edilməsinə və onların azad edilməsinə çağırır.
Parlament Avropa İttifaqını (Aİ) qlobal insan haqları sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Sənəddə bu xüsusda, prezidentin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin adları çəkilir.
Sənəddə dekabrın əvvəlində “MeydanTV” jurnalistləri Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudovanın, jurnalistlər Ramin Cəbrayılzadə və Əhməd Muxtarın, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, siyasi lider Azər Qasımlı və hüquq müdafiəçisi Rüfət Səfərovun həbsləri və onların hamısının əsassız, siyasi motivli ittihamlarla üzləşdiyi vurğulanır.

“Meydan TV” ilə yanaşı, avropalı qanunvericilər Azərbaycan hakimiyyətindən “Abzas Media”, “Toplum TV” və “Kanal 13”-ə qarşı repressiyalara son qoyulmasını tələb edirlər.
Bundan əlavə, ətraf mühit fəalı Kamran Məmmədlinin hücuma məruz qalması və ona qarşı səyahət qadağasının tətbiq edildiyi vurğulanır.
Professor Qubad İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakına və ya uzaqdan əlaqə saxlamasına icazə verilməməsindən təəssüfünü ifadə edən Avropa Parlamenti, hakimiyyət orqanlarından ona qarşı səyahət qadağasını dərhal aradan qaldırmağı, ona qarşı bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir.
Səsvermədə iştirak edən 553 deputatdan 434-ü qətnamənin lehinə, 30-u əleyhinə səs verib. 89 nəfər bitərəf qalıb.
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində sövdələşmələrin əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi ilə şərtləndirilməsində israr edən Avropa Parlamenti, Avropa Komissiyasını yenidən Azərbaycanla enerji sahəsində 2022-ci ildə imzalanmış “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu dayandırmağa çağırıb.

Parlamentin Almaniyadan olan deputatı Matias Eke Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti hazırda olduğu kimi kobud insan haqları pozuntularına davam etdiyi müddətcə Aİ-nin strateji tərəfdaşı ola bilməz və Avropa Komissiyasından buna uyğun hərəkət etməsini istəyirlər.
“Biz sonuncu dəfə danışanda Bakıda COP29-un ərəfəsində idik və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ictimai diqqət və ictimai nəzarət çox idi. Beləliklə, biz ümid edirdik və gözləyirdik ki, COP29 zamanı və COP29-a hazırlıq zamanı insan hüquqlarının, siyasi məhbusların, eləcə də həbs olunan jurnalistlərin vəziyyətində yaxşılaşmalar olacaq. Amma təəssüflər olsun ki, bu baş vermədi və biz heç bir irəliləyiş müşahidə etmədik, əksinə vətəndaş azadlıqları və insan haqları baxımından təzyiqlərin davam etdiyini gördük”, Matias Eke vurğulayıb.
İyun ayında keçirilən seçkilərdən sonra yeni Avropa Parlamenti və yeni xarici siyasət proqramına malik Avropa Komissiyasının formalaşdığını deyən Matias Eke əlavə edib ki, indi bu işin üzərinə yenidən qayıtmaq və diqqəti yenidən cəmləmək çox vacibdir.
Dekabrın 18-də Strasburqda keçirilən “Azərbaycan - neftlə zəngin, insan haqları baxımından yoxsul” başlıqlı mətbuat konfransından sonra Amerikanın Səsinə danışan litvalı deputat Pyatras Auştryaviçyus vəziyyətin narahatlıq doğurduğunu bildirib.
“Azərbaycanda neftlə kifayət qədər zəngindir, lakin insan haqlarının vəziyyəti heç də ümidverici deyil. Ona görə də vəziyyəti çox narahatlıq doğuran bir vəziyyət kimi təsvir edərdim. Bu, təkcə Azərbaycan məsələsi də deyil, Cənubi Qafqazdakı vəziyyətdir. Gürcüstanda olduqca narahatedici hadisələr baş verir və ümid edirik ki, Ermənistan nəhayət Azərbaycanla sülh razılaşması üçün ortaq zəmin tapacaq. Bu, hər iki tərəf üçün, bütün region üçün lazımdır. Lakin bu qeyri-sabit və narahatedici proseslərlə bütün region Rusiyanın artan təsiri altına düşür. Və yalnız bir ölkə belə bir tendensiyanı görməkdə maraqlıdır. Bu, təəssüf ki, Azərbaycanın əsl dostu olmayan Rusiya Federasiyasıdır”, Auştryaviçyus deyib.
Azərbaycanın hakimiyyət nümayəndələri Avropa Parlamentinin qətnaməsinə hələlik münasibət bildirməyib.
Avropa Parlamenti daha əvvəl aprelin 25-də və oktyabrın 24-də Azərbaycanda siyasi təqibləri və insan hüquqları pozuntularını pisləyən qətnamələr qəbul etmişdi.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

 

AmerikanınSəsi