“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”

“Amnesty International” insan hüquqları təşkilatı həbsdə olan Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun azad edilməsi üçün çağırış edib. 

“Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara məruz qalıb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər keçən günün önəmi var”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib. 

“Azərbaycan hakimiyyəti sırf hökuməti açıq şəkildə tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün lazımi səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir”, o əlavə edib. 

Tofiq Yaqublu artıq 11-cü gündür ki, həbsinə etiraz olaraq təcridxanada aclıq aksiyası keçirir.

Vəkili Aqil Layıc bu gün Yaqublu ilə görüşəndən sonra bildirib ki, onun bənizi və gözləri saralıb, nitqində axsamalar əmələ gəlib, fikrini cəmləməkdə çətinlik çəkir, çətinliklə yeriyir.

“Artıq bədənində ağrılar şiddətlənməkdədir, yuxu dərmanları verilməsinə baxmayaraq yata bilmir. Təzyiqi, ürək döyüntüləri, saturasiya anormal vəziyyətdə dəyişməkdə davam edir. Artıq ölüm-qalım arasında mübarizə aparır”, vəkil deyib.