Hakimiyyəti tənqid edən keçmiş diplomat 7 il azadlıqdan məhrum edildi

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il  müddətə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmünə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə elan edilmiş ittiham ləğv edilib.

O, son sözündə bəraət istəyib.

İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub.

Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

Emin İbrahimov ötən proseslərin birində məhkəmənin nəzərinə çatdırıb ki, zərərçəkəni tanımır və həbsinin əsl səbəbi Azərbaycandakı idarəetməylə bağlı çıxışlarıdır.

E.İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib. 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib. 

O, Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.