AŞPA prezidenti Teodoros Rusopulos “Alpha News” agentliyinə verdiyi müsahibədə İlham Əliyevi diktator adlandırıb:
“Əliyevin, bildiyiniz kimi, siyasi rəqiblərini həbs etmək vərdişi var. Və onlar heç vaxt zənglərimizə cavab vermədilər, həmişə bizə rədd cavabı veriblər. Beləliklə də, iki il ərzində qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina etdikdən sonra (halbuki, bu hal daha uzun müddətdir ki, davam edir), Avropa Şurasının tələblərinə hörmət etməkdən imtina etdikdən sonra, Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək qərarına gəlib”.
Rusopulos İlham Əliyevin çıxışı zamanı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımaqdan imtina etməsini də şərh edib.
“Azərbaycan AİHM hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur”, – Əliyev çıxışı zamanı deyib.
Bunun cavabında AŞPA prezidenti bildirib ki, “heç kim Avropa Şurasını şantaj edə bilməz, Avropa Şurası belə bəyanatlardan qorxmur, çünki Avropa Şurası öz Assambleyasında qanunun aliliyinə, insan hüquqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir”.
“Biz heç nədən qorxmuruq, nə Əliyevdən, nə də özünü diktator kimi aparan başqalarından. Assambleyanın mövqeyi çox aydındır – biz qərara gəldik ki, üzv ölkələrimizdən heç biri deyə bilməz ki, mən qaydalara hörmət etmirəm, mən bu qurumdan, bu institusional qurumdan və ya başqa qurumdan imtina edəcəyəm”, – Rusopulos deyib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə isə iddia edir ki, AŞPA “anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb”.
“Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır”, – deyən Hacızadə onu da əlavə edib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması təşəbbüsünü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.
“Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”, – deyə Hacızadə bildirib.
MeydanTV
AŞPA prezidenti Teodoros Rusopulos İlham Əliyevi diktator adlandırıb